18 aprel 2026-cı il
Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyi münasibətilə təltifetmə mərasimi keçirildi
Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin 10 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, o cümlədən tanınmış mütəxəssislər və rəsmi şəxslər iştirak etdilər. Tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və digər rəsmi şəxslər çıxış edərək, mərkəzin fəaliyyətində fərqlənən əməkdaşların və tərəfdaş qurumların nümayəndələrinin əməyini yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində uzun illər Dövlət İmtahan Mərkəzi ilə səmərəli əməkdaşlığa və ekspert kimi göstərdikləri peşəkar fəaliyyətə görə Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və Akademiyanın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı təltif olunublar.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının əməkdaşları uzun müddətdir ki, DİM ilə əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlər üzrə ekspert fəaliyyətinə cəlb olunur və bu sahədə mühüm töhfələr verirlər. Təltifetmə mərasimi bu əməkdaşlığın uğurlu nəticələrinin bariz göstəricisi kimi qiymətləndirilir.
Bakı Musiqi Akademiyasının rəhbərliyi təltif olunan əməkdaşları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.



