• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 may 2026-cı il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyevin “Müasirlik və arxaika arasında: XX əsr Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

    Monoqrafiya Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

    Mərasimi Musiqi tarixi kafedrasının müdiri Zümrüd Dadaşzadə açaraq monoqrafiyanın Almaniyada nəşr olunmasının əhəmiyyətini nəzər-diqqətə çatdırıb. O, tədqiqatın geniş siyasi,  tarixi-mədəni kontekstdə icra olunduğunu xüsusi olaraq vurğulayıb.

    E.Mirzəyev çıxışında monoqrafiyanın əsas istiqamətlərini təqdim edərək XIX–XX əsrlərdə Azərbaycan musiqi mədəniyyətinin formalaşmasına təsir göstərən mürəkkəb transregional prosesləri, coğrafi-mədəni qarşılıqlı əlaqələri və bu mühitdə intellektual elitanın təşəkkül mexanizmlərini təhlil edib. Müəllif Azərbaycan musiqi mədəniyyətinin iki vektoru — arxaika və müasirlik dixotomiyasını — dəqiq müəyyənləşdirərək monoqrafiyanın bütün konsepsiyasını məhz bu iki qütbün ətrafında qurub. Qeyd olunub ki, tədqiqatın mərkəzində musiqi mədəniyyətinin müxtəlif sosial, tarixi və mədəni kontekstlərdə inkişaf dinamikasının araşdırılması dayanır. E.Mirzəyev bu mürəkkəb proseslərdə Üzeyir Hacıbəylinin müstəsna yerini vurğulayıb.

    Təqdimat canlı diskussiya ilə müşayiət olunub: Elmir Mirzəyev tələbələrlə birbaşa dialoq qurub, onları müzakirəyə fəal şəkildə cəlb edib. 

    Tədbir Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyətinin (sədr — Minaxanım Babayeva) təşkilatçılığı ilə keçirilib.