• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 oktyabr 2026-cı il

    Oktyabrın 20-də Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının növbəti iclası keçirilib. İclasın gündəliyində tədris və elmi fəaliyyətlə bağlı müxtəlif məsələlər yer alıb.

    Kafedra müdiri Zümrüd Dadaşzadə ümumakademiya çərçivəsində keçirilən monitorinqin reytinq cədvəlində yüksək nəticələr əldə etmiş bütün müəllimləri, o cümlədən mükafatla qeyd olunmuş İnna Pazıçeva, Kəmalə Ələsgərli, Minaxanım Babayevanı səmimi qəlbdən təbrik edib, hamıya yeni nailiyyətlər arzulayıb.

    İclasda bakalavr buraxılış işlərinin və magistr dissertasiyalarının mövzuları müzakirə edilərək təsdiqlənib. Həmçinin professor İnna Pazıçevanın hazırladığı “Musiqinin tədqiqat metodologiyası” fənni üzrə tədris proqramı ətrafında fikir mübadiləsi aparılıb.

    İclasın ikinci hissəsində doktorant Lalə Qurbanovanın sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Fransız impressionizminin ifaçılıq xüsusiyyətləri Azərbaycan pianoçularının konsert ifasında” mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirilib.

    Rəyçilər Könül Nəsirova, Ayanda Adilova və Minaxanım Babayeva, eləcə də yekun sözlə çıxış edən Z. Dadaşzadə tədqiqatın məziyyətləri ilə yanaşı, nöqsanlarına da nəzər yetirib, işin redaktəyə ehtiyacı olduğunu bildiriblər. Dissertasiyanın qeyd olunan irad və tövsiyələr nəzərə alınmaqla redaktə edildikdən sonra növbəti mərhələyə buraxılması barədə qərar qəbul olunub.