3 noyabr 2025-ci il
Bakı Musiqi Akademiyasının tələbələri “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş inşa-yazı müsabiqəsində uğur qazandılar.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi, eləcə də Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və “Caspel” MMC-nin birgə təşkilatçılığı ilə inşa-yazı müsabiqəsi keçirildi.
3 noyabr 2025-ci il Nəsimi rayon İcra Hakimiyyətinin YAP təşkilatında tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, həmçinin YAP rayon təşkilatlarının sədrləri və üzvləri iştirak etdilər.
Həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üzrə YAP təşkilatının sədri, professor Mina Hacıyevanın rəhbərliyi altında tələbələr müsabiqədə aktiv iştirak etdilər. Akademiyanın tələbələri yüksək nəticələr göstərərək fərqləndilər.
Nəticələrə əsasən:
1-ci yer – Neyjən Mustafayeva, 2-ci kurs magistrant, musiqişünas ixtisası üzrə. Qalibə “Lenovo” planşeti hədiyyə olundu.
2-ci yer – Ayşən Rəfizadə, 2-ci kurs tələbəsi, musiqişünas ixtisası üzrə. Elektron cihazlar hədiyyə olundu.
3-cü yer – Əminəxanım Məmmədova (3-cü kurs), Dürnisə Hüseynova (2-ci kurs) və Nəzrin Məmmədova (2-ci kurs, azərbaycan bölməsi) sertifikatlarla təltif olundular.
Müsabiqə gənclərin milli-mənəvi dəyərlərə bağlılığının, vətənpərvərlik ruhunun gücləndirilməsi və Konstitusiyamızın əhəmiyyətinin dərin mənimsənilməsi məqsədilə təşkil olunmuşdur.

