16 dekabr 2025-ci il
Məktəb-studiyanın növbəti innovativ layihəsi “Barokko ustadları – 340” I Respublika müsabiqəsi
2025-ci ilin 16 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Barokko ustadları – 340” I Respublika müsabiqəsinin bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə BMA-nın professor və müəllim heyəti – BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, Xalq artisti, professor Yusif Axundzadə, BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Məmmədova, “İxtisas fortepiano” kafedrasının dosenti, Əməkdar müəllim Firəngiz Hacıyeva və BMA-nın “Solo oxuma” kafedrasının dosenti Sevda Məmmədova iştirak edirdilər.
Bağlanış tədbirini BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova açıq elan edərək hər kəsi salamladı və müsabiqənin qaliblərini təbrik etdi. İlk olaraq, Sevda xanım layihənin keçirilməsi üçün Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və BMA-nın rektoru, Azərbaycan və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin dəstəyini xüsusi vurğulayaraq öz dərin minnətdarlığını bildirdi. O, öz çıxışında sözügedən müsabiqənin mahiyyətindən danışaraq, bu layihənin ərsəyə gəlməsində əhəmiyyətli rolu olan BMA-nın professor və müəllimləri, Məktəb-studiyanın inzibati heyəti, o cümlədən şagird və tələbələrin hazırlığı prosesində böyük şövq və zəhmətlə çalışan ayrı-ayrı musiqi təhsil müəssisələrinin müəllimlərinə təşəkkür etdi. Sevda xanım nitqinin sonunda BMA-nın prorektoru, professor Nərminə Quliyevaya söz verdi. O, öz növbəsində məlum müsabiqənin əhəmiyyəti və vacibliyindən danışaraq qeyd etdi ki, hər zaman ilklərə imza atan, innovativ və maarifləndirici layihələrlə ön sıralarda qərarlaşan Məktəb-studiya bu dəfə də musiqi mədəniyyətimizin inkişafına xidmət edən yeni bir ideya ilə çıxış etdi və “Barokko ustadları – 340” I Respublika müsabiqəsini uğurla reallaşdırdı.
Tədbirin növbəti dəqiqələrində müsabiqənin laureatı adına layiq görülmüş bir neçə şagird və tələbə fərqli ifalarını təqdim etdilər. İfaçıların yüksək peşəkarlıqla, zəngin məzmun və dərin ifadə tərzi ilə səsləndirdikləri çıxışlar tədbirə xüsusi ab-hava qatdı. Ardından tədbirin ən önəmli mərhələlərindən biri – qaliblərin mükafatlandırılması başlandı.
Təntənəli tədbir həyəcanlandırıcı məqamlarla müəllim və şagirdlərin yaddaşına həkk olundu.
“Barokko ustadları – 340” I Respublika müsabiqəsində qazanılan təcrübə və nəticələr bir daha onu təsdiq edir ki, Azərbaycan ifaçılıq mədəniyyətinin inkişafı məhz analoji müsabiqələr vasitəsilə gerçəkləşə bilər.