4 iyul 2026-cı il
Bakı Musiqi Akademiyasının Tələbələri Vl Beynəlxalq “Harmony” Müsabiqəsində Uğur Qazandılar
Bu il - 2026-cı il 04-12 iyul tarixləri arasında Gürcüstanın Barjomi şəhərində gənc musiqiçilər-şagird və tələbələr üçün müxtəlif nominasiyalar, yaş kateqoriyaları üzrə Vl Beynəlxalq “Harmony”müsabiqəsi keçirilmişdir. Müsabiqədə Azərbaycanı təmsil edən iştirakçılar arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Akademiyanın nəzdində fəaliyyət göstərən Orta İxtisas Musiqi Məktəb Studiyasının şagirdləri və Qara Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbinin şagirdləri də yer aldılar.
Akademiyamızın tələbələri Namiq Səlimov və Gülsarə Bağırova professional çıxışları ilə münsiflər heyətinin rəğbətini qazanaraq “Qran Pri” mükafatına layiq görülmüş və Qala konsertdə uğurla çıxış etdilər. Həmçinin duet nominasiyası üzrə BMA-nın “İxtisas fortepiano” kafedrasının baş müəllimi Nərgiz Nəzərova və 3-cü kurs tələbəsi Fidan Əmirova l yerə layiq görülmüşlər.
Qeyd edək ki, nümayəndə heyətinin rəhbəri, eyni zamanda müsabiqənin münsiflər heyətinin üzvü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva idi. Məhz onun yüksək peşəkarlıqla apardığı iş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan musiqiçiləri ölkəmizə uğur qazandırmış, musiqi mədəniyyətimizi layiqincə təmsil etmişlər.
Müsabiqədə Məryəm Kərimova (fortepiano) 1-ci yer, Mədinə Nurəliyeva (fortepiano) 2-ci yer, Dəniz Versəlzadə (fortepiano) 2-ci yer, Şəfiqə Muradova (fortepiano) 2-ci yer, Əsmər Əhmədli (fortepiano) 4-cü yer, Şəms Cəfərli (fortepiano) 4-cü yer və Məktəb-Studiyanın şagirdi Uğur Həşimov 2-ci yerə layiq görülmüş, diplomla təltif edilmişlər.
Bakı Musiqi Akademiyası adından qaliblərimizi təbrik edir, gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayırıq!



