• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 oktyabr 2026-cı il

    2026-cı il 5-9 oktyabr tarixlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin XX Gənclər Delfin Oyunları Tacikistanın Düşənbə şəhərində keçirildi.

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə keçirilən müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  “Nəfəs və zərb” alətləri kafedrasının tələbəsi Şəmistan Əliyev (müəllim: Xalq artisti Şükür Səmədov) uğurla çıxış edib, l yeri qazanaraq,qızıl medala layiq görülmüşdür.

    O, “Nəfəs və zərb” alətləri üzrə Azərbaycanı təmsil edən yeganə iştirakçı olmuşdur. 

    Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti, BMA-nın dosenti Əziz Qarayusifli  münsiflər heyətinin sədri olmuşdur.

    Yarışlardan sonra Opera və balet teatrında möhtəşəm qala konserti keçirildi.Konsertdə  Şəmistan Əliyev “Çahargah” rapsodiyasını məharətlə ifa edərək, ölkəmizi yüksək səviyyədə təmsil etmişdir. Onun parlaq ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. 

    Yarışlar çərçivəsində ustad dərslər də təşkil olunmuşdur. Əziz Qarayusifli tacik məktəblilər üçün ustad dərsləri keçərək, öz bilik və bacarıqlarını məktəbli musiqiçilərlə bölüşmüşdür.

    Qeyd edək ki, yarışların layihə koordinatoru Ofeliya Sultanova yarışlar çərçivəsində keçirilən konfransda iştirak etmişdir. 

    Tələbələrlə iş sektorunun aparıcı məsləhətçisi isə Əli İsgəndərli olmuşdur.

    Parlaq qələbə münasibətilə tələbəmiz Şəmistan Əliyevi təbrik edir, uğurlar arzulayırıq!