16 dekabr 2025-ci il
16 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru, Xalq artisti Gülnaz İsmayılovanın “Akademik vokal” (ixtisas) fənni üzrə açıq dərsi keçirildi.
Dərs zamanı Gülnaz İsmayılova hər bir tələbəyə fərdi yanaşıb, öz bilik və təcrübəsini bölüşdü. O, düzgün nəfəs texnikası, bir sıra texniki məşqlərlə səsin açılması, doğru istimaqətləndirilməsi üzərində işlədi. Səsi sanki bir “musiqi aləti” adlandıran Gülnaz xanım həmçinin əsərdəki hər bir detala fikir verərək, tələbələr üçün çətin olan hissələr diqqətlə araşdırılıb, öyrənildi.
Təqdim olunan açıq dərsdə Xalq artisti, kafedra müdiri, professor Xuraman Qasımova, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.
Peşəkar səviyyədə keçirilən açıq dərs hər bir tələbə üçün faydalı olub, böyük maraqla qarşılandı. Eyni zamanda dərs prosesi professor-müəllim heyəti tərəfindən yüksək təqdir olundu.


