29 oktyabr 2026-cı il
29 oktyabr tarixində Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında beynəlxalq səviyyədə tanınmış musiqiçilərin iştirakı ilə açıq ustad dərsləri keçirilib.
Qeyd edək ki, tədbirin təşkilatçısı Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova hər kəsi salamlayaraq, qonaq musiqiçiləri auditoriyaya təqdim etdi.
Ustad dərslərində violonçel ifaçısı Boris Baraz, violin ifaçısı Janez Podlesek, alt ifaçısı Federico Andrés Hood Pérez və kontrabas ifaçısı Brendan Kane öz peşəkar təcrübələrini, ifaçılıq bacarıqlarını və musiqi biliklərini iştirakçılarla bölüşüblər.
Beynəlxalq musiqiçilərlə birbaşa ünsiyyət, onların ifaçılıq yanaşmaları ilə tanışlıq və peşəkar tövsiyələri dinləmək gənc musiqiçilər üçün dəyərli təcrübə və yeni yaradıcılıq imkanları baxımından xüsusi əhəmiyyət daşıyır.
Belə görüşlər musiqi təhsilinin inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və gənc ifaçıların peşəkar formalaşmasına mühüm töhfə verir.






