• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Musiqiçilər qülür

    Üzeyir Hacıbəyli. Seçilmiş əsərlər.

    Bakı, Yazıçı, 1985.

    Felyetonlar

     

    Biz qızışırıq

    Hər bir qızmış şey axırda soyuyan kimi, biz də əvvəl qızışıb sonra soyuyuruq. Məsələn, günlərin bir günü qızışıb məktəb açırıq. Budur, müavini-müdir, nazir, müavini-nazir; müəllim, müavini-müəllim, mübəssir, mütəbbir, xəzinədar, buxalter, kağızaparan, kağızgətirən, storoj, müavini-storoj – qərəz, bir batalyon adamı çağırıb məktəb açırıq və deyirik ki, gərək bu məktəbdə ərəb dili, fars dili, türk dili, rus dili, firəng dili, alman dili, ingilis dili, şəriət, təbiət, hikmət, həndəsə, hesab, hivzüs-sihhə, üsuli-dəftər, coğrafiya, tarix, filan, filan, filan oxuyub, uşaqlarımız məktəbi qurtaran kimi alimi-fazil və filosofi-kamil olsunlar.

    Bir il keçir…

    Biz yavaş-yavaş soyuyuruq…

    Məktəb də yavaş-yavaş soyuyur…

    İki il keçir…

    Biz lap soyuyuruq…

    Məktəb də lap soyuyur…

    Üç-dörd il keçir.

    Biz soyuyub buza dönürük…

    Məktəb də soyuyub buza dönür.

    Sonra oturub papağımızı geri edib, ah çəkirik və deyirik ki:

    - Ah! Bu məktəbin bir zamanı vardı ki, dəm-dəstgahı dillərdə söylənirdi, amma indi? Müdirlər, müəllimlər dağıldı, uşaqlar dağıldı. Ata-analarda həvəs qalmadı. Elə müsəlmanın işi belə olar!

    Daha əvvəldə bir fikir eləmirik ki, axı bir bu qədər camaatı ki, məktəbə yığmışıq və məqsədimiz də uşaqlarımızı filosof etməkdir, bunları dolandırmaq lazımdır; dolandırmaq üçün pul lazımdır; pul tapmaq üçün əlləşmək lazımdır; əlləşmək üçün həvəs lazımdır; həvəs üçün başda fikir lazımdır; fikrimiz də gərək bu cürə olsun: «İşin bünövrəsini xırda götür, qoy sonra böyüsün, yə’ni təbiətin yolu ilə get!»

    Təbiətin yolu deyir ki, insan, heyvan, nəbatat – anadan doğulanda balaca olsun, sonra yavaş-yavaş böyüyüb həddi kamala yetsin.

    Həmçinin ticarət, həmçinin sənət, həmçinin hər bir işimizdə bu yolla getmək lazımdır.

    Əvvəl xırda, sonra böyük, nəinki əvvəl böyük, sonra xırda…


     

    • 1
    • 2
    • 3
    • 4
    • 5
    • 6
    • 7
    • 8
    • 9

       


       

      Opera dramın evini yıxdı

       

      Deyirlər ki, opera dramın evini yıxdı… Qərəz, sözümüz bunda deyildi və bəhsimiz də özgə şey üstündədir.

      Məqsədimiz budur ki, oxucularımıza bir qədər də teatr «Mə’lumatı» verək. Çünki yəqinimdir ki, bizim oxucularımız: «Drama, komediya, tragediya, opera» sözlərini özgə cürə başa düşürlər. Halbuki bu sözlərin mə’naları oxucularımızın bildiyi kimi deyildir.

      Ay oxucu, təqsir səndədir. Hərgah keçən cümə günü teatra gedib, «Qəzavat» dramasına baxsaydın, o halda yuxarıdakı sözlərin əsl mə’nasını öyrənərdin.

      İndi ki, sən getməyibsən, onda qulaq as, deyim.

      Deyirlər ki, opera dramanın evini yıxdı. Bağışlayın, bu sözlərin buraya dəxli yoxdur. Birdən-birə fikrimə gəlib dedim. Bəli, keçək mətləbə.

      Gedib teatrda əyləşirsən, pərdə qalxır, oyun başlayır, tamaşa edirsən. Birdən görürsən ki, artist sözünü qurtarıb, o yana - bu yana baxır, sıxılır, qısılır, bilmir ki, nə eləsin; utanır, tərləyir, dodaqlarını gəmirir, camaat da gözlərini bunun üzünə dikib, gözləyirlər ki, görək oyunun dalı necə olacaqdır. Binəva artist yalvarıcı bir nəzərlə gah qapılara, gah səhnə dalına, gah suflyor hininə göz dolandırıb, amma heç bir yerdən kömək görmür. Bu binəvanı camaat qabağında belə bir çətin hala salan onun öz yoldaşıdır ki, gərək vaxtında çıxıb, o da sözünü deyəydi, amma yoldaşı bivəfalıq edib çıxmaq istəmir… İndi səhnədə naəlac qalmış olan bu artistin əhvalına deyirlər drama.

      Bəli, deyirlər ki, opera dramanın evini yıxdı… Ah, yenə bu söz dilimə gəldi, dedim. Zərər yoxdur. Söhbətin dalına qulaq as.

      Teatra əyləşib tamaşaya qulaq asırsan. Birdən görürsən  ki, söhbətin şirin yerində pərdə düşdü. Camaat qaldı məəttəl, sonra pərdə qalxdı, sonra yenə endi, sonra yenə qalxdı, sonra yenə endi, bu işin adına deyirlər komediya.

      Deyirlər ki, opera dramanı… Əşi, tulla bu sözü. Onsuz da bu barədə dörd-beş ildir ki, danışırlar, qulaq as.

      Bəli, teatrda artist səhnədə məəttəl və tamaşıçılar da oyunun dalına müntəzir qalıb, pərdə gah enir, gah qalxır, ovqattəlxilik əmələ gəlir. Xalq narazılıq izhar edir. O halda teatr qoyan binəva başı alovlu, ora yüyürür, bura yüyürür, ona yalvarır, buna yalvarır, axırda naəlac qalıb., iki əlilə başının tüklərini yolur: bunun da bu halına deyirlər tragediya.

      ***

      Camaat görür ki, işlər şuluqdur. Durub yavaş-yavaş dağılırlar və gedə-gedə yolda bu havanı «heyratı» üstündə oxuyurlar:

      «Əvvəldən bilseydim, almazdım bu bileti:

      Dramaçılara allahdan ağıl istərdim».

      Buna deyirlər opera. (…)

      ***


      Bunlar hamısı keçəndən sonra qəzet oxuyanlardan və qəzet oxuyanlara qulaq asanlardan və qulaq asanların söhbətinə yığışanlardan, qərəz, müsəlmanların hamısından təvəqqə olunur ki, qurban dərilərini cəmiyyəti-xeyriyyəyə versinlər ki,  Kars fəlakətzədələrinin ehtiyacına sərf olunsun. Başqa təmənnamız yoxdur.