• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2019-cu il

    Əminə xanım Dilbazi bayramı

    Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, milli xüsusiyyətlərini, həyat və məişətini özündə əks etdirir. Hələ ibtidai zamanlarda müxtəlif peşələrlə məşğul olan tayfalar öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçirirdilər. Beləliklə, Azərbaycanda rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürmüşdür. Zaman keçdikcə, rəqs sənəti də xalqın iqtisadi, mənəvi və ictimai həyatında baş verən dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun daşımış və yeni ifadə vasitələri ilə zənginləşmişdir. Rəqs sənətinin zirvəsi olan rəqqaslarımız daim rəqs sənətini öz heyranedici rəqsləri ilə yaşatmış və dünya səviyyəsinə qaldırmışlar. Belə rəqqaslardan biri Azərbaycanın Xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Azərbaycan Respublikasının Xalq Artisti Əminə Dilbazinin rəqs sənətində zirvəsi haqda qısa da olsa məlumat vermək yerinə düşərdi.
    Əminə Dilbazi 1919-cu il 26 dekabrda Qazaxda ziyalı ailəsində dünyaya göz açmışdı. Onun ailə səcərəsinə diqqət yetirdikdə bacısı xalq şairi Mirvarid Dilbazinin adını xüsusilə çəkmək lazımdır. Əminə xanım 1935-ci ildən səhnə fəaliyyətinə başlamışdır. 1935-ci ildə səhnəyə çıxan Əminə xanım Üzeyir bəyin bəstələdiyi “Kolxoz çölləri” mahnısının rəqs kompozisiyasını ifa etmişdi. 1939-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə, bununla yanaşı 1962-65-ci illərdə Azərbaycan xalq mahnı və rəqs ansamblına, 1967-68-ci illərdə isə “Sevinc” rəqs ansamblına rəhbərlik etmişdir. 1949-cu ildən Xoreoqrafiya məktəbində pedaqoji fəaliyyətə başlamış və bir çox rəqslərin ilk ifaçısı kimi mədəniyyət tarixinə daxil olmuşdur. İndi də Əminə xanımın yubileyi ilə bağlı dünyanın bir çox şəhərlərində böyük təmtəraqlı formada tədbirlər keçirilir. Onu da qeyd etmək lazımdır ki, Əminə xanım bir çox filmlərə də rəqs quruluşu vermişdir. Bunlardan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri”, “Arşın mal alan”,”O olmasın bu olsun” və başqalarının adlarını çəkmək olar. Məhz Əminə xanım Turacı, Tərəkəmə, Vağzalı, İnnabı, Naz eləmə, Mirzəyi, Qaval rəqslərinin ilk ifaçısı kimi təkrarolunmaz rəqs sənətində özünəməxsus izlər qoymuşdur ki, bu sənəti davam etdirən rəqqaslar indi də Əminə xanımın rəqs ənənələrini qoyurub saxlayır və gələcək nəslə ötürür.
    Bu minvalla dekabr ayının 20-də Bakı Xoreoqrafiya Akademiyasının təşəbbüsü ilə hazırlanmış görkəmli rəqs ustası, Azərbaycan Respublikasının Xalq Artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirildi. Bu tədbiri Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sona İbrahimova açdı. Tədbirin açılışı video çəkilişində Əminə xanımın sənətdə addımladığı böyük yaradıcı yolu ömrünün həyat yoldaşı, görkəmli bəstəkar, Azərbaycan SSRİ Xalq Artisti Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poemasının sədaları altında tədbir əməkdaşlarına təqdim olundu. Sona xanımın çıxışından sonra 1999-cu ildə Möhtərəm Prezidentimiz, ulu öndər Heydər Əliyevin və 2009-cu ildə Prezidentimiz İlham Əliyevin Sərəncamı İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ə.Babazadə tərəfindən dinləyicilərə təqdim olundu.
    Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə və elmi işçilər iştirak edirdilər. Xüsusilə qeyd etmək istərdim ki, professor Gülnaz xanım Abdullazadənin çıxışı, Əminə Dilbazinin ustad dərsi ilə bağlı çəkilmiş video Əminə xanımın ailəsinə təqdim edildi. Məncə bu ailə üçün ən böyük hədiyyə idi. Bu videoda Türkiyənin Ege Universitetinin əməkdaşları ilə bigə çəkilmiş ustad dərs təsvir olunurdu. Video da disk şəklində Gülnaz xanım tərəfindən ailəyə çatdırıldı. Elmi-tədqiqat laboratoriyasının əməkdaşları - böyük elmi işçi Rauf Bəhmənli və elmi işçi Nigar Bayramova öz dərin, dolğun, ətraflı, ehtiraslı çıxışları ilə böyük maraq doğurdular. Hətta onu da xüsusilə qeyd etmək lazımdır ki, Nigar xanım məruzəsinin sonunda xalq şairi Tofiq Bayramın “Qadın əlləri” şeirinin ifası ilə hamını kövrəltdi.
    Bununla yanaşı tədbirdə Xoreoqrafiya Akademiyasının müəllim heyəti - Sənətşünaslıq üzrə fəsləfə doktoru, professor R.Sadıxov, pedaqogika üzrə fəlsəfə doktoru, professor L.Həsənova, Azərbaycan Rəssamlıq Akademiyasının magistrantı E.Ağayev, Azərbaycan Respublikasının xalq Artistləri R.Cəlilova, C.Bayramova, “Çinar” ansamblının rəhbəri M.İsmayılova da öz maraqlı çıxışları ilə tədbiri daha da canlandırdılar.
    Tədbirin sonunda Əminə xanım Dilbazinin qızı Florida Texnoloji İnstitutunun Fortepiano kafedrasının professoru, Azərbaycan-ABŞ Assosiasiyasının Florida ştatı üzrə mədəniyyət və təhsil təşkilatının direktoru, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin təsisçisi və direktoru, “Musiqi təhsili və autizm” fondunun təsisçisi Pərvin Muradova-Dilbazi çıxış edərək anası Əminə xanım haqda çox maraqlı fatkları söyləyərək çıxış edən əməkdaşlara öz dərin minnətdarlığını bildirdi. Onu da qeyd etdi ki, yaxın zamanlarda Əminə xanım Dilbazi adına Rəqs Festivalı keçiriləcək. Bu Festivalda iştirak etmək istəyən hər bir kollektivlərin iştirakında böyük köməyi olacağını vurğuladı. Bu da çox təqdirəlayiq haldır. Çox məmnunuq ki, bizim rəqs mədəniyyətimiz bütün dünyada tanıdılır. Qısa da olsa Əminə xanım Dilbazi bayramı münasibətilə rəqs sənətində olan rəqqasları təbrik edirəm.

     

    elmi-tədqiqat laboratoriyasının elmi işçisi
    FİDAN NƏSİROVA