• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2019-cu il

    Gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilən müasir texnologiyalar çox sürətlə inkişaf etməkdədir.

    Bu texnologiyaların insan həyatının bütün fəaliyyət sahələrinə sirayət etməsi informasiya cəmiyyətinin qlobal xarakter almasından xəbər verir. Müasir texnologiyaların istər elm, istər təhsil, istərsə də səhiyyə və digər sahələrə yüksək templə tətbiqi bu və ya digər sahələrdə olduqca böyük nəticələr qazanmağa imkan verir.
    İnformasiya-kommunikasiya və internet vasitəsilə insanlar başqa-başqa ölkələrdə yaşayan hər kəslə əlaqə yaradaraq, onların adət-ənənələri, mədəniyyəti, incəsənəti haqqında öyrənir və fikir mübadiləsi aparmaq imkanları əldə edirlər.
    Son zamanlar komputer texnologiyalarının sürətli inkişafı musiqi elminə də böyük təsirini göstərməklə, yeni proyektlərin, yeni layihələrin meydana gəlməsinə səbəb olur. Belə layihələrdən biri də LOLA (Low Latency-aşağı gecikməli) audiovizual yayım sistemidir. Bu sistemin köməkliyi ilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə iştirak etmək məcburiyyətində olan ifaçı və musiqiçilər həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşularaq, uzun məsafə qət etmədən, böyük zaman itkisinə qənaət etmiş olurlar.
    Böyük bir layihə olan LOLA audiovizual yayım sisteminin daimi istismara verilməsi Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası qurumlarının nümayəndələrinin iştirakı ilə 2019-cu il 20 dekabr Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutdu və eyni zamanda Azərbaycan və Estoniya arasında “Ənənələri birləşdirək”adlı Lola konserti keçirildi.
    Qeyd edək ki, təqdimat mərasimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu və Avropa Elm və Təhsil Şəbəkələri Assosiyasiyasının (GENAT) birgə təşkilatçılığı ilə baş tutmuşdur.
    Estoniya ilə birgə keçirilən virtual tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akdemiyasının rektoru, professor Fərhad Bədəlbəyli, BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, İnformasiya texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, eləcə də GEANT-ın beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, qabaqcıl tətbiq xidmətləri üzrə koordinatoru Kladiou Allaçio, Estoniya Milli Tədqiqat və Təhsil şəbəkəsinin (EENet of Hitsa) meneceri Kristina Lillemets, Estoniya musiqi və Teatr Akademiyasının rektoru, professor İvariya İlya da iştirak edirdi.
    Qonaqları salamlayan professor F.Bədəlbəyli və professor Yeganə Axundova bu tədbirin müasir təhsil sistemi üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdıraraq, incəsənət və texnologiya arasında sərhəd olmadığının bariz nüməsini olan LOLA səs və video görüntünü müasir texnika vasitəsilə birləşdirməklə zamana qənaət edərək, insanların daha sıx virtual ünsiyyətinə şərait yaratdığını vurğuladılar. Sonra bu layihənin ərsəyə gəlməsində bütün təşkilatçı qurumlara dərin təşəkkürlərini bildirdilər.
    Ardınca tədbir azərbaycanlı və estoniyalı musiqiçilərin LOLA virtual konserti ilə davam etdi.
    Konsertdə ilk öncə Rövşən Əmrahov (I violin), Joonas Teppo (II violin-Tallin), Ziba Rəcəbli (viola) və Marten Meibaumun (cello-Tallin) ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ifa olundu. Sonra professor Fərhad Bədəlbəyli və ekranda Henry David (violonçel ifaçısı) (S.Raxmaninov “Vokaliz”), professor Yeganə Axundova və ekranda Kadri Korvek (vokal ifaçısı) (C.Puççini “Bohema” operasından “Quando me’n Vo”) çıxış etdilər. Eyni zamanda BMA-nın doktorantı, gənc bəstəkar İlahə Qismətin Kannel (Estoniyanın milli aləti-ifaçı Kristi Mühlig) və Tar (ifaçı beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev) üçün bəstələdiyi “Mystic pauza” əsərinin premyerası baş tutdu. Daha sonra Sona Ələsgərova, Tural Qasımlı Rafael, Aydın Zeydullayev, Kimmo Salminen (Tallin), Martin Eero Koressaar (Tallin) ifasında caz musiqisi səsləndirildi.
    Beləliklə, “Ənənələri birləşdirək” adlı konsert tamaşaçılarda xoş təəssüratlar yaradaraq, gurultulu alqışlarla sona çatdı.


    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat xidmətinin əməkdaşı,
    musiqişünas Ofelya İsgəndərova.