• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 aprel 2022-ci il

    Məktəb-studiyanın təcrübəçi-tələbələrinin açıq dərsləri

     8 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Kiçik zalında BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası şagirdləri ilə açıq dərslər keçirildi. Təcrübəçi-tələbələr gələcəyin müəllimləri, şagirdlər isə gələcəyin tələbələridir. Qeyd edək ki, məktəb-studiya pedaqoji kafedra üçün baza sayılır. Kafedrada çalışan çox təcrübəli müəllimlər tələbələrə sənətin nəzəri əsaslarını və biliklərini öyrədirlər. Belə açıq dərslərin keçirilməsi isə onların təcrübəsini daha da artırır. Tələbələr ifa olunacaq əsər və onun bəstəkarı haqqında şagirdlərə geniş məlumat verir, sonra isə həmin əsəri ifa etməyi öyrədirlər. Açıq dərsdə məktəb-studiyanın müxtəlif ixtisasları üzrə şagirdləri həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərlərini fortepiano, çello, fleytada müvəffəqiyyətlə ifa etdilər.

    Açıq dərsdə iştirak edən müəllim, tələbə və şagirdlərin adlarını xüsusilə qeyd etmək lazımdır. Belə ki, məktəb-studiyanın III sinif şagirdləri – Cəmilə Sadıxova, Mikayıl Qasımlı, yuxarı sinif şagirdlərindən – Davud Ağalar, Əbdülfariz Məmmədzadə, Nəzrin Abbasbəyli, Xatun Quliyeva, tələbələrdən isə Nigar Hüseynzadə, Murad Mustafalı (III kurs), Nüşabə Hacıyeva, Maqsud Musazadə, Lamiyə Sərxanova, İlahə Məmmədova (IV kurs) açıq dərsdə fəal iştirak etmişdilər.

    Təcrübəçi-tələbələr arasında Nüşabə Hacıyeva Baxın klavir yaradıcılığını dərindən tədqiq edərək öz parlaq çıxışı ilə müəllim və tələbə heyətinin gur alqışını qazandı.

    “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının professorları Elnarə Məmmədova, Müzəffər Ağamalızadə, dosentlər – Nərgiz Əlizadə, Mədinə Tuayeva, Əməkdar müəllim Ayişə Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva, müəllim Nəzrin Əmirli açıq dərsləri böyük maraq və diqqətlə dinləmişlər.

    Açıq dərsdə BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Məmmədova və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova tələbələrə öz məsləhət və tövsiyələrini bildirərək onlara gələcək pedaqoji fəaliyyətində uğurlar arzuladılar.

    Professor Elnarə Məmmədova bildirdi ki, “belə layihələrin keçirilməsi bizim kafedra tələbəri üçün sınaqdır – onların təcrübəsini daha da artırır, özünə inam hissini oyadır. Və mən çox sevinirəm ki, biz mütəmadi olaraq, məktəb-studiya ilə ünsiyyətdə oluruq, birgə layihələrimiz var”.

    Sonda Elnarə xanım xüsusi minnətdarlığını Ü.Hacıbəyli adına BMA-nın rəhbərliyinə, məktəb-studiyanın direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidova, bütün müəllim kollektivinə və iştirakçılara bildirdi.

     

    Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi,

    doktorant Nigar Bayramova