Adıgözәlov Vasif Zülfüqar oğlu
(28.07.1935, Bakı - 15.09.2006, Bakı)
Bəstəkar, pianoçu, pedaqoq, musiqi-ictimai xadim, professor (1989).
Azərbaycanın Əməkdar incəsənət xadimi (1973), Xalq Artisti (1988), Dövlət Mükafatı laureatı (1990). “Şöhrət” və “İstiqlal” ordeni ilə təltif olunmuşdur.
1953-1959-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə: bəstəkarlıq üzrə (Qara Qarayevin sinfi), fortepiano üzrə (Simuzər Quliyevanın sinfi) təhsil alıb.
1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru, M.Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi fəaliyyət göstərib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Xor dirijorluğu” kafedrasının müdiri olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, İdarə heyətinin birinci katibi olmuşdur (1990-2016).
Vasif Adıgözəlov “Ölülər”, “Natəvan” operalarının, “Hacı Qara” (həmmüəllifi R.Mustafayev), “Nənəmin şahlıq quşu”, “Boşanaq - evlənərik”, “Lənət şeytana” musiqili komediyalarının, “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala - 1915”, “Qəm karvanı” oratoriyalarının, “Novruzum”, “Təntənəli” kantatalarının, 4 simfoniya, 6 instrumental konsertin, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.