• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 may 2024-cü il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında 2 may 2024-cü il tarixində böyük elmi işçi  Zeynal İsayevin  “Azərbaycan milli çalğı aləti kamançanın bəzi akustik xarakteristikaları” mövzusunda elmi seminarı keçirilmişdir.

    Məruzəçi aparılan tədqiqat işində kamançanın 2-ci simdə, səslənməsi 2 – ci oktava mi (əsas tezliyi  ≈ 659,26 Hs, 2 – ci simdə, 1–ci pozisiya, 3 – barmaq) olan tonun tədqiqi haqqında seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Sonra monitorda  kamançanın 2– ci oktava səsinin yaratdığı dalğanın spektral analizi nəticəsində əldə olunmuş spektri, amplitud-tezlik xarakteristikası daha aydın şəkildə  nümayiş olunmuş, kamançanın əsrarəngiz və ecazkar səs tembrini yaradan əsas amillər, əsas ton, obertonlar (harmoniklər) haqqında, həmçinin digər zəruri izahatlar da verilmişdir.

    Zeynal İsayev qeyd etmişdir ki, bu tədqiqat işində respublikanın əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin xidmətləri əvəzsizdir. Məruzəçi qeyd etmişdir ki, kamança - Azərbaycan xalq musiqi mədəniyyətinin, milli muğam janrının, professional klassik musiqi zövqünün inkişafında çox qiymətli təsir gücünə malik bir çalğı alətidir. X əsrə qədər bu alət həm mizrabla və həm də kamanla (yayla) ifa olunurdu. O, yalnız  Azərbaycanda deyil, eləcə də Şərqdə və Mərkəzi Asiyada hələ IX-X əsrlərdə yaşamış xalqların musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Kamança bu gün də Azərbaycanda çox yayılmış milli çalğı alətidir və musiqi məktəblərində  tədris olunmaqdadır.

    Seminarın sonunda elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə  İsmayılzadə Z.İsayevin elmi araşdırmalarını  dəstəkləyərək mövzunun aktuallığını qeyd etmiş və məruzəçiyə bu tədqiqatların  başqa milli alətlərimiz üzərində də aparılmasını tövsiyə etmişdir. Seminar iştirakçıları kamançanın akustik xüsusiyyətləri haqqında maraqlı fikir mübadiləsi apararaq, məruzəçiyə uğurlar arzulamışlar.

    ”Elmi-tədqiqat laboratoriyasının

    kiçik elmi işçisi Sevda İsayeva.