• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 aprel 2025-ci il

    24-25 aprel  tarixində “Dahi Üzeyir Hacıbəylinin İrsi Dünya Musiqi Mədəniyyəti Kontekstində” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilmişdir.

    2025-ci il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəylinin  anadan olmasının 140 illiyidir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 fevral 2025-ci il tarixində böyük musiqi xadiminin yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Sərəncam imzalamışdır.

    Sərəncama əsasən  musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Üzeyir Hacıbəylinin yubileyi ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir. Yubiley ilə əlaqədar keçirilən tədbirlərin əsas yükü , dahi bəstəkarın adını daşıdığı ocağa, Bakı Musiqi Akademiyasının üzərinə düşür. Müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulan  Ü.Hacıbəyli adına Bakı Muiqi Akademiyasında  24-25 aprel  tarixində “Dahi Üzeyir Hacıbəylinin İrsi Dünya Musiqi Mədəniyyəti Kontekstində” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilmişdir.

    Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin rəhbərliyi altında  təşkilat komitəsinə 100 –dən çox  məruzələr Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası və Almaniya, Russiya, Özbəkistan, Türkmənistan və Çin Xalq Respublikasının alimləri tərəfindən  məruzələr daxil olunmuşdur.

    Konfransda iştirak etmək üçün Özbəkistan Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq doktoru Azatgül Taşmatova, Batır Zakirov adına Estrada sənəti İnstitutun professoru, sənətşünaslıq namizədi Lola Qənixanova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşlar. Hər iki alim elmi –tədqiqat laboratoriyasında seminar keçirərək elmi fəaliyyətləri haqqında maraqlı faktlarla bölüşmüşlər.

    Daha sonra  Əməkdar müəllim, BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva qonaqları qarşılamış, iki qardaş ölkənin ali təhsil ocaqlarının mədəni əlaqələrindən danışmışlar. Qonaqlar Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Elm və innovasiya məsələləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar artist, tanınmış dirijor Fuad İbrahimov, BMA-nın elmi laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əlavə Təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova ilə görüşərək fikir mübadiləsi aparmışlar.

        Üzeyir Hacıbəyli adına BMA-nın böyük zalında 24 aprel tarixində konfransın təntənəli açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə baş tutdu. Plenar iclas Ü.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən video çarxla başladı.  Giriş sözü ilə çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, professor Fərhad Bədəlbəyli, dahi bəstəkarın xalqımızın mədəni və siyasi həyatında  misilsiz xidmətlərini minnətdarlıq duyğusu ilə anaraq, sevgi dolu  düşüncələri ilə bölüşdü.

    Daha sonra  Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə,  Özbəkistan Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq doktoru  Azatgul Taşmatova,  Ü.Hacıbəyli adına BMA-nın “Xor dirijorluğu” kafedrasının dosenti, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, dosent  İnara Məhərrəmova müxtəlif məruzələrlə çıxış edərək dahi bəstəkarı bir daha yad etdilər. Plenar iclasda çıxışlar arası Akademiyanın professor-müəllim və tələbələrinin ifasında bəstəkarın əsərlərindən ibarət musiqi nümunələrinin səsləndirilməsi konfransın açılışına xüsusi ovqat bəxş etdi.

    24-25 aprel tarixlərində   müxtəlif bölmələrlə davam edən Beynəlxalq konfransda Almaniya, Russiya, Özbəkistan, Türkmənistan və Çin Xalq Respublikasının alimləri əyani və qiyabi formada  iştirak etmişlər.  Konfransa onlayın və əyani formada qoşulan  Naxçıvan və Gəncədən olan alim-tədqiqatçıların çıxışları xüsusi maraqla qarşılanmışdır.

     Beynəlxalq konfrans maraqlı çıxışlar, canlı ifalar, video çarxlar, diskussiya və müzakirələrlə işini uğurla başa çatdırmışdı.

    Mehparə Rzayeva

    elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent