• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 may 2025-ci il

    14-16 may Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Müasir musiqi sənətinin problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransı

    baş tutub. Qeyd edək ki, konfrans musiqi incəsənəti, kulturologiya, pedaqogika sahələri üzrə təşkil olunmuşdur.

     Yüksək səviyyədə təşkil olunan bu konfrans BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru,

    professor Nərminə Quliyeva və Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru,  professor Gülzar Mahmudovanın təşəbbüsü ilə keçirilmişdir.Konfransa Naxçıvan, Gəncə və xarici ölkələr- Almaniya, Rusiya, Türkiyə, İran, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan tələbə və mütəxəssislər də qatılıblar.

    Konfransın proqramına ümumilikdə 74 məruzə daxil edilib.Nəzərinizə çatdıraq ki, konfransda "Azərbaycan musiqi mədəniyyəti tarixində Ümummilli Lider Heydər Əliyevin rolu və əhəmiyyəti", "2025 - Konstitusiya və Suverenlik ili", "Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileyi", "Etnomusiqişünaslıq müasir mərhələdə", "Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri", "Müasir musiqi təhsili: problemlər və perspektivlər", "Müasir instrumental ifaçılığın problemləri" və "Musiqidə informasiya texnologiyaları" kimi müxtəlif tematik istiqamətlər yer almışdır.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu və iştirakçılara Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında maraqlı videoçarx təqdim edildi.

    İlk olaraq, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli konfransın iştirakçılarını təbrik edərək, görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı mühüm rolunu qeyd etdi.

    Beynəlxalq konfransın moderatorları Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova və sənətşünaslıq doktoru, dosent Leyla Zöhrabova idi.

    Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “SABAH” qrupunda təhsil alan tələbələr, həmçinin ADA Universiteti, Azərbaycan Milli Konservatoriyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Almaniyanın Hannover Musiqi Kolleci, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyası, Qazax Kurmanqazı adına Milli Konservatoriyası, Kazan Dövlət Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun tələbə və nümayəndələri olduqca maraqlı, aktual mövzular ilə çıxış etdilər. 

    Sonda bütün iştirakçılar sertifikat ilə təltif olundu.