15 may 2025-ci il
Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi: yeni nəşrin təqdimatına həsr olunmuş tədbir
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm!
Sənsiz mən necə dözüm?
Bilmirəm özüm...
Yazıya sözləri Yusif Həsənbəyə, musiqisi isə Rauf Hacıyevə məxsus, könüllərdə geniş vüsət tapmış unudulmaz bir Azərbaycan mahnısının misraları ilə başlamaq istədim. Çünki elə sənətkarlar var ki, onların yaradıcılığına toxunarkən bircə sətir, bircə melodiya kifayətdir – həmin an siması, ruhu və sənət dünyası göz önündə canlanır. Belə görkəmli şəxsiyyətlərdən biri, Azərbaycan musiqisinin parlaq simalarından olan Rauf Hacıyev doğum günündə dərin hörmət və ehtiramla yad edildi...
2025-ci il mayın 15-də dahi bəstəkarımızın dühası duyulan məkan Üzeyir Hacıbəylinin Ev Muzeyində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri – bəstəkar, ictimai xadim və yüksək insani dəyərləri ilə seçilən Rauf Hacıyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-ədəbi tədbir keçirildi. Tədbirin əsas məqsədi musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarovanın yeni işıq üzü görmüş “Rauf Hacıyevi düşünərkən” adlı nəşrinin ictimaiyyətə təqdimatı idi.
Tədbirə giriş nitqi ilə başlayan Üzeyir Hacıbəyli adına Ev Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov Rauf Hacıyevin Azərbaycan musiqisinin inkişafında tutduğu mühüm mövqeyə diqqət çəkdi. O, bəstəkarın çoxşaxəli yaradıcılıq fəaliyyəti, ictimai-mədəni həyatda fəal iştirakı və beynəlxalq musiqi məkanında qazandığı nüfuz haqqında geniş məlumat verdi. Sərdar Fərəcov, həmçinin Rauf Hacıyevin musiqi dünyasının formalaşmasında Üzeyir Hacıbəyli yaradıcılığının təsirini xüsusi qeyd edərək, onun musiqi irsində milli və klassik ənənələrin vəhdətindən danışdı.
Daha sonra söz nəşrin müəllifi – musiqişünas Humay Fərəcova-Cabbarovaya verildi. O, yeni nəşrin meydana gəlmə ideyası, hazırlanma prosesi və elmi-nəzəri çərçivələri haqqında geniş məlumat təqdim edərək bildirdi ki, bu kitab təkcə Rauf Hacıyevin sənət yolunun əks etdirilməsi ilə kifayətlənmir, eyni zamanda onun şəxsiyyətinə dair xatirələrin toplanması baxımından da mühüm elmi dəyərə malikdir. Müəllif qeyd etdi ki, nəşr həm sənətşünaslıq, həm də musiqi tarixi aspektindən yeni tədqiqat imkanları açır.
Təqdimat mərasimi zamanı Azərbaycan musiqi ictimaiyyətinin bir sıra tanınmış nümayəndələri çıxış edərək, Rauf Hacıyevlə bağlı xatirələrini, onun yaradıcılığına dair düşüncələrini bölüşdülər. Tədbirdə iştirak edənlər sırasında Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Əməkdar incəsənət xadimi, musiqişünas, professor Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə, kitabın redaktoru, musiqişünas Aytən Baxşiyeva, Azərbaycan Milli Konservatoriyasının professoru Akif Quliyev, bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, saksafon ifaçısı Rafiq Seyidzadə, müğənni, Əməkdar incəsənət xadimi Natəvan Şeyxova, bəstəkarın nəvəsi Naminə Hacıyeva və digərləri yer aldı. Sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın təbriki isə tədbirdə kitabın müəllifi tərəfindən səsləndirildi.
Çıxışlarda Rauf Hacıyevin Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr yüksək dəyərləndirildi, onun yaradıcılığının çoxqatlı mənaları, musiqi dilinin yenilikçi cəhətləri və milli musiqi məktəbinin formalaşmasında rolu vurğulandı. Tədbir iştirakçıları onun xatirəsini ehtiramla yad edərək, Rauf Hacıyevin yaradıcılığının bu gün də aktual olduğunu bildirdilər.
Tədbirdə bəstəkarın ailə üzvləri də iştirak edərək şəxsi təəssüratlarını bölüşdülər və kitabın hazırlanmasında əməyi olanlara minnətdarlıqlarını bildirdilər.
Tədbirin bədii hissəsində Rauf Hacıyevin müxtəlif janrlarda yazdığı əsərlər ifa olundu. Gənc ifaçı Ləman Əhədova bəstəkarın “Əlcəzair süitası”nı təqdim etdi. Elyar Əliyev “Sevgilim” mahnısını ifa etdi (konsertmeyster: Leyla Əliyeva). Həmçinin, Rauf Hacıyevin adını daşıyan 15 №-li Musiqi məktəbinin xor kollektivi “Bəxtiyarlıq” və tanınmış “Azərbaycan” mahnıları ilə tədbirə emosional rəng qatdı.
Ümumilikdə təqdimat mərasimi boyu səmimi atmosfer və ruhlandırıcı ab-hava hökm sürürdü. Bu xüsusi ovqat, təkcə Rauf Hacıyevin səmimiyyəti ilə seçilən musiqisinin təsiri ilə deyil, həm də onun nurlu siması, xeyirxah təbiəti ilə yaddaşlarda yaşayan şəxsiyyətinə olan dərin ehtiramdan qaynaqlanırdı. “Rauf” Allahın müqəddəs adlarından biridir və mənası – “şəfqətli”, “mərhəmətli”, “yumşaq qəlbli”, “rəhmli və qayğıkeş” deməkdir. Bu xüsusiyyətlər adla vəhdət təşkil edərək, bəstəkarın xarakterinə də sirayət etmiş, onu ətrafındakılara sevdirərək yaddaşlarda məhz bu cür iz buraxmışdır. Tədbirə toplaşanların da hər biri onun mənəvi zənginliyi və sənət aləminin işıqlı çalarları ilə yoğrulmuş yaradıcılığı ətrafında bir araya gəlmiş, bu musiqi dünyasının nurundan pay almağa gəlmişdilər.
Aytən Baxşiyeva
musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru