20 may 2025-ci il
20 may 2025-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat
laboratoriyasının elmi işçisi Nazlı Mustafayevanın “Üzeyir Hacıbəylinin Naxçıvan Dövlət dram teatrında səhnələşdirilən əsərlərinə bir nəzər” mövzusunda elmi seminarı keçirilmişdir.
Məruzəçi çıxışının əvvəlində dahi Ü. Hacıbəylinin özünəməxsus, çoxşaxəli, zəngin yaradıcılığı və onun Naxçıvan Dövlət Dram Teatrında səhnələşdirilən əsərləri haqqında ətraflı məlumat vermiş, müxtəlif dövrlərin afişalarını və foto şəkillərini, habelə olduqca böyük maraq kəsb edən video materiallar nümayiş etdirməklə yanaşı, xeyli sayda hələ məlum olmayan faktlar aşkara çıxarmışdır.
Nazlı Mustafayeva qeyd etmişdir ki, qəlbi Azərbaycanla döyünən, xalq musiqisindən və muğamlarımızdan ilham alan dahi bəstəkarın və ictimai xadimin əsərləri, librettosunun və melodiyasının gözəlliyi və zənginliyi, harmonik dilinin milli ladlara əsaslanması ilə diqqəti cəlb edir. Ü.Hacıbəylinin geniş yaradıcılıq irsinin izlərinə Naxçıvan Dövlət Dram Teatrının tarixində də rast gəlinir. Əlamətdar haldır ki, Ü.Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları, “Ər və arvad” və “Arşın mal alan” musiqili komediyaları müxtəlif illərdə bu teatrın səhnəsində uğurla nümayiş olunmuşdur. Bu tamaşalarda Naxçıvan Dövlət Dram Teatrının tanınmış aktyorları S.Möhləvi, M.Mirişli, Ə.Haqverdiyev, F.Əlixanova, Z.Həmzəyeva, S.Hüseynova və başqaları müxtəlif rollar ifa edərək, maraqlı obrazları ilə yaddaşlara köçmüşlər. Təbii ki, Naxçıvan Dövlət Dram Teatrında Ü.Hacıbəylinin əsərlərinin tamaşaya qoyulması tarixini öyrənmək maraqlı, məsuliyyətli bir mərhələnin başlanğıcıdır.
Naxçıvan Dövlət Dram Teatrının fəaliyyəti özündə Azərbaycan teatr tarixinin inkişaf xüsusiyyətlərini birləşdirir. 1883-cü ildə, Naxçıvanda ilk teatr tamaşasının nümayiş etdirilməsi ilə, bu sahədə ilk addımlar atılmışdır.
Bəstəkar həm də digər şəxslərdə də bu sahəyə maraq oyatmaqla teatr sahəsində repertuar zənginliyini formalaşdırırdı. XX əsrin ilk onilliklərində Ü.Hacıbəyli ilə yanaşı, qardaşları Zülfüqar və Ceyhun Hacıbəylilər də teatr tamaşalarının ərsəyə gəlməsində yaxından iştirak edirdilər. Həmin dövrdə Bakı ilə yanaşı, Gəncə, Lənkəran, eləcə də Naxçıvanda Ü.Hacıbəylinin əsərləri tamaşaya qoyulurdu.
Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçiyə tövsiyə və məsləhətlərini vermiş, mövzunun aktuallığını qeyd edərək, gələcəkdə də bu mövzunun davam etdirilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir. Ümumiyyətlə, elmi seminar dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.
”Elmi-tədqiqat laboratoriyasının
kiçik elmi işçisi Sevda İsayeva.