• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel 2025-ci il 

    Bakı Musiqi Akademiyasında Musiqi Bayramı: Bakı Kamera Orkestri və “Simurq” layihəsinin ifaçılarının iştirakı ilə möhtəşəm konsert keçirildi.

    30 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında yüksək səviyyədə təşkil olunmuş musiqi gecəsi baş tutdu. Konsertdə Bakı Kamera Orkestri (bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov), Bakı Musiqi Akademiyasının tələbələri və "Simurq" layihəsinin gənc pianoçuları çıxış etdilər. Zəngin proqramı ilə yadda qalan tədbir Azərbaycan musiqisinin inkişafına və gənc istedadların dəstəklənməsinə həsr olunmuşdu.

    Tədbirin yüksək qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri, fondun nümayəndəsi Arzu Əliyeva, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin  müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri, Xalq artisti Murad Adıgözəlzadə  iştirak edirdi.

    Gecənin proqramında həm dünya, həm də Azərbaycan bəstəkarlarının seçmə əsərləri səsləndi. İfaçılar arasında müxtəlif yaş qruplarından olan istedadlı gənclər çıxış edərək, peşəkarlıq və artistik bacarıqları ilə tamaşaçıların alqışını qazandılar.

    Konsert Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə başlandı. Ardınca “Simurq” layihəsinin iştirakçıları — Fəxriyyə İsgəndərova, Suada Işıkkent, Nuray Əliyeva, Cəlalə Ismayılzadə, İnci Həsənli kimi istedadlı şagird və tələbələr Dmitri Kabalevski, Melody Bober, Fikrət Əmirov, İohann Sebastyan Bax, Feliks Mendelson, Friderik Şopen kimi bəstəkarların əsərlərini böyük məharətlə təqdim etdilər.

    Beynəlxalq müsabiqələr laureatları olan tələbələr — Kənan Məmmədzadə (A.Məlikovdan “Komdenin arzuları”), Məhəmmədəli Paşazadə (A.Giampieri “Venesiya Karnavalı”), Aysun Mahmudzadə (F.A.Bualdye “Bolero”), Hidayət Sadıqbəyli (E.Əfrasiyabın “Parafraz”), eləcə də Tofiq Quliyevin “Sevgi valsı”nı Aysun Mahmudzadə və Rauf Məmmədzadə duet şəklində səsləndirərək gecəyə xüsusi rəng qatdılar.

    Konsert boyunca səslənən hər bir ifa Azərbaycanın musiqi təhsilinin yüksək səviyyədə olduğunu və gələcəyin parlaq musiqiçilərinin yetişdiyini nümayiş etdirdi. Belə əhəmiyyətli tədbirlərin keçirilməsi gənclərə səhnə təcrübəsi qazandırmaqla yanaşı, milli və klassik musiqi irsini yeni nəslə aşılamaq baxımından da mühüm əhəmiyyət daşıyır.

    Bu möhtəşəm gecə Azərbaycanın musiqi dünyasında gəncliyin səsini ucaldan, gələcəyə ümid verən bir sənət bayramı kimi yadda qaldı.