16 may 2025-ci il
BMA-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş kamera musiqisi konserti keçirildi
16 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında “Kamera ansamblı” kafedrasının təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert baş tutdu.
Konsertdə kafedranın professorları Kəmalə Neymanova, Fəridə Əhmədbəyova və Töhfə Babayevanın rəhbərliyi altında təhsil alan magistr və bakalavr tələbələri iştirak etdilər. Gənc musiqiçilərin ifasında dünya klassiklərinin kamera musiqisi nümunələri səsləndirildi.
Tədbirdə iştirak edən tələbələr arasında magistr pilləsində təhsil alan Rəşad Abdullayev (fleyta), Orxan Cumayev (violonçel), Zərrin Əliyeva (violin), Gülnar İrşadi, Qəmər Mehdiyeva (piano), Leyla Salamova (violin), Məhəmmədəli Paşazadə (klarnet), bakalavr IV kurs tələbələri Əsmər Alxazova, Şəkərxanım Cavadzadə, İluzər İbrahimzadə, Aygül Mahmudova, Elçin Məmmədov (piano), Emil Hüseynov (violin), Cavidan Rəsulov (klarnet), eləcə də III kurs tələbələri Özcan Cabbari (violin), Fidan İbrahimova və Maya İsmayıllı (piano) çıxış etdilər.
Konsert proqramında K.Sen-Sansın klarnet və fortepiano üçün Sonata( Es-dur, Op.167 ) və violin üçün 1 nömrəli d moll Sonata, Y.Bramsın
klarnet və piano üçün yazdığı 1 nömrəli Sonata f-moll, M.Ravelin violin və piano üçün 2 N°-li Sonata, S.Prokofyevin fleyta və piano üçün Sonata (Es-dur), E.Qriqin violin və piano üçün Sonata ( g moll Op.19), S.Raxmaninovum “Elegik trio” (N°1, g moll) kimi klassik əsərləri səsləndirildi.
Tələbələrin ifası texniki cəhətdən peşəkar və bədii-emosional baxımdan isə olduqca təsirli alındı. Tamaşaçılar və professor-müəllim heyəti ifaları yüksək qiymətləndirdilər.
Tədbirdən sonra BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi və “İfaçılıq” fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə müəllim kollektivinə yaxınlaşaraq konsertin təşkilini və tələbələrin ifasını təqdirəlayiq hesab etdiklərini bildirdilər. Onlar konsert proqramının mürəkkəbliyinə baxmayaraq uğurla təqdim olunduğunu vurğulayaraq kafedra əməkdaşlarını səmimi şəkildə təbrik etdilər.
Kafedranın müdiri, professor Kəmalə Neymanova, eləcə də təcrübəli pedaqoqlar, professorlar - Fəridə Əhmədbəyova və Töhfə Babayeva bu istiqamətdə böyük əzmlə çalışaraq həm ifaçılıq, həm də müəllimlik fəaliyyətində uğurlu nəticələr nümayiş etdirirlər.
Konsert iştirakçılarına və müəllim heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulandı.