• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 iyun 2025-ci il 

    Azərbaycan Milli İncəsənət Muzeyində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində növbəti təntənəli konsert baş tutdu.

    11 iyun 2025-ci il tarixində Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyovanın 65 illik yubileyinə həsr olunmuş “Nəsillərdən nəsillərə” adlı konsert keçirildi.

     Xalq artisti Ülviyyə Hacıbəyovanın və dosent Nərgiz Salmanlının təşkilatçılığı ilə keçirilən konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının professor və müəllim heyəti rəngarəng proqramla çıxış etdilər. Konsertdə Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, V.Adıgözəlov və Niyazinin əsərləri ilə yanaşı, Qərbi Avropa və rus bəstəkarların tanınan əsərləri dinləyicilərə təqdim olundu.

    Fortepiano musiqisinin inciləri Xalq artisti Ülviyyə Hacıbəyova, dosent Nərgiz Salmanlı, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin ifasında səslənmişdir. 

    Konsertdə solist qismində Beynəlxalq müsabiqələr laureatları Mahir Tağızadə, Səbinə Quliyeva çıxış etmişlər. 

    Əməkdar müəllim, BMA-nın prorektoru, profesor Nərminə Quliyeva və “İxtisas Fortepiano” kafedrasının kollektivi yubiley münasibətilə Xalq artisti Ülviyyə Hacıbəyovanı təbrik etmiş, yeni yaradıcılıq uğurları arzu etmişlər.

    Belə mühüm konsertlərin keçirilməsi, yüksək peşəkarlıqla hazırlanmış proqramın təqdimatı, Azərbaycan musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəylinin irsinin yaşadılması üçün böyük əhəmiyyət daşıyır. 

    Sonda tədbir iştirakçıları musiqi dolu bu axşamdan dərin təəssüratlarla ayrıldılar.