• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 iyun 2025-ci il 

    Bakı Musiqi Akademiyasında Məzun Günü qeyd olundu

    30 iyun 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ənənəvi Məzun Günü təntənəli şəkildə keçirildi. Akademiyanın böyük konsert salonunda təşkil olunan mərasimdə məzunlar, müəllim heyəti, qonaqlar, valideynlər, həmçinin  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Kadrlar və İnsan resursları şöbəsinin müdiri Nigar Hacıyeva qonaq qismində iştirak etdilər.

    Tədbir simfonik prelüdlə başladı və ali təhsil müəssisəsinin rəhbərliyi qarşılandı. Tədbirin açılışında çıxış edən BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq Artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli məzunları təbrik edərək onlara gələcək yaradıcılıq yollarında uğurlar arzuladı.

    Ardınca Xalq Artisti, Akademiyanın Beynəlxalq əlaqələr, Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək, BMA-nın beynəlxalq uğurlarından və məzunların gələcək məsuliyyətindən danışdı.

    Tədbirdə “Musiqişünaslıq” ixtisası üzrə bakalavr pilləsini başa vuran, beynəlxalq elmi konfransların iştirakçısı Aynur Hüseynli məzunlar adından çıxış etdi.

    Daha sonra məzunların iştirakı ilə kiçik konsert proqramı təqdim olundu. Konsertdə müxtəlif fakültələrin məzunları dünya və Azərbaycan bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla ifa etdilər:

    S. Prokofyev – “Zoluşka” baletindən vals (violin: Səriyyə Nəsibova, piano: Arzu Səfərova)

    Həsən Rzayev – “Çahargah Rapsodiyası” (klarnet: Rufət Məmmədov, piano: Lamiyə Sərxanova)

    S. Prokofyev – Sonata №6-dan IV hissə (piano: Elçin Məmmədov)

    R. Leoncavallo – “Pagliacci” operasından Kanionun ariyası (tenor: Səməd Novruzov, piano: Əməkdar artist Nigar Məlikova)

    Emil Əfrasiyab – Ü.Hacıbəyli əsərlərinə parafraz (piano: Hidayət Sadıqbəyli)

    Konsertdən sonra diplomların təqdimat mərasimi baş tutdu. Diplomları təqdim etmək üçün səhnəyə BMA-nın rəhbər heyəti – professor Nərminə Quliyeva, professor Gülnaz Abdullazadə, eləcə də fakültə dekanları – professor Nəzakət Rimazi, professor Gülzar Mahmudova, professor Nəzmiyyə Abbaszadə dəvət olundular.

    Mərasimdə həm bakalavr, həm də magistratura pilləsini bitirən məzunlara diplomlar təqdim edildi və onların universitet həyatı ilə rəsmi vidası qeyd olundu. Tədbirin sonunda məzunlar səhnəyə dəvət olunaraq xatirə şəkli çəkdirdilər və onlara gələcək həyatlarında uğurlar arzulanaraq tədbir yekunlaşdı.