• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 aprel  2026-cı il 

    14 aprel 2026-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində yüksək səviyyəli klassik musiqi axşamı baş tutdu.

    Tədbiri giriş sözü ilə açan konsertin aparıcısı — Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə dinləyiciləri musiqinin dərin qatlarına aparan mənalı və zərif nitqi ilə gecəyə xüsusi ovqat bəxş etdi.
    Konsertdə dünya şöhrətli pianoçu, Türkiyə Respublikasının Dövlət artisti Gülsin Onay Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti, professor Yeganə Axundova ilə eyni səhnəni bölüşərək dinləyicilərə unudulmaz musiqi ziyafəti təqdim etdilər.
    Tədbirdə dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Bakı Dövlət Kamera Orkestrinin müşayiətilə solistlər klassik repertuarın incəliklərini ustalıqla təqdim etdilər.
    Konsert proqramında dahi bəstəkar Wolfgang Amadeus Mozartın əsərləri səsləndirildi. Xüsusilə “Divertisment” F-dur və iki piano və orkestr üçün Konsert Es-dur əsərləri tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılandı.
     
    Tamaşaçıların çoxsaylı istəkləri nəzərə alınaraq, ifaçılar Biss ifa edərək, İ.Bramsın “Macar rəqsi” N.5 və S.İbrahimovanın “Yenə güllər açıb” əsərlərini dinləyicilərə ərmağan etdilər.
    Bu musiqi gecəsi klassik sənətin zərifliyini və canlı ifanın sehrini bir daha nümayiş etdirərək dinləyicilərin yaddaşında xüsusi iz buraxdı.