• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel  2026-cı il 

    Aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu və pedaqoq Fəridə Xəlilovanın 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirildi. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutdu.

    Anım məclisini BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli açdı. O, Fəridə xanımı təkrarsız, cazibədar və ağıllı pianoçu, nadir gözəlliyə və çılğın temperamentə malik insan kimi səciyyələndirərək onunla görüşlərini böyük səmimiyyətlə xatırladı. Fərhad müəllim habelə gözəl sənətkarların gənc nəslə tanıtdırılmasının önəmliliyini dilə gətirdi. Ardınca Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad Hüseynov Fəridə Xəlilovanın Azərbaycan ifaçılıq mədəniyyətindəki yeri barədə fikirlərini bölüşdü.

    Tədbirin mərkəzi hadisəsi Fəridə Xəlilovaya həsr olunmuş filmin (rej.: Yuliya Bondarenko) nümayişi oldu. Xatirələr müstəvisində gerçəkləşdirilən bu filmin lirik intonasiyası tamaşaçıları məftun edib gur alqışlar doğurdu. BMA-nın professoru Leyla Məmmədova-Fərəcova isə Fəridə xanım haqqında kitabın ərsəyə gəlməsinin təfərrüatlarını dinləyicilərlə bölüşdü; gözəl sənətkarın müəyyən mənada kölgədə qalması müqabilində həmin kitabın xüsusi əhəmiyyətini vurğuladı.

    Xatirə tədbirinin aparıcısı Zümrüd Dadaşzadə öz çıxışında Fəridə xanımın ailəsindən, atası akademik Zahid Xəlilovun Azərbaycan elmi qarşısındakı müstəsna xidmətlərindən bəhs etdi. O, Fəridə xanımı Bakı və Sankt-Peterburq piano məktəblərinin yetirməsi kimi təqdim edərək onun yaradıcılıq yolunun bir sıra mühüm hadisələrinə nəzər saldı. Musiqişünas, Fəridə Xəlilovanın görkəmli vokalçı Vladimir Atlantov ilə ansamblının özəlliklərindən danışaraq üç beynəlxalq müsabiqədə V.Atlantovun qalibiyyət qazanmasında Fəridə xanımın rolunun danılmazlığını diqqətə çatdırdı. Z.Dadaşzadə həmçinin F.Xəlilovanın kövrək və səmimi Azərbaycan sevgisindən də söz açdı, onun şahanə obrazını piano ifaçılıq tariximizin yaraşığı kimi səciyyələndirdi.

    BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundova Azərbaycanda qadın pianoçular ənənəsinin davamçısı olmaq şərəfindən danışaraq Fəridə xanımın ifa və tədqiq etdiyi Fikrət Əmirovun miniatürlərini səsləndirdi. Pianoçu Vurğun Vəkilovun ifası məclisi romantik bir ovqata köklədi.

    Fəridə Xəlilovanın qızı Lada Atlantova Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən yubiley tədbirinin yüksək səviyyəsini qeyd edərək həmin tədbirə aid videoçarx sərgilədi. Çıxışının sonunda o, atası Vladimir Atlantovun P.İ. Çaykovski adına III Beynəlxalq müsabiqənin final turunda Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyasına müraciət etməsinin bəzi məqamlarına güzgü tutdu.

    Xatirə məclisi həmin ariyanın səsləndirilməsi ilə tamamlandı.