7 may 2026-cı il
Əməkdar müəllim, professor Gülnarə Acalovanın pedaqoji fəaliyyətinin 50 illik yubileyi “Səslərdə yazılan tarix” adlı konsertlə qeyd olunub.
Tədbiri giriş sözü ilə açan Xalq artisti, professor Zəhra Quliyeva yubilyarın Azərbaycan musiqi sənətinə və konsertmeysterlik məktəbinə verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, professorun 50 illik fəaliyyəti yüzlərlə peşəkar musiqiçinin yetişməsində əvəzsiz rol oynayıb.
Konsert proqramında ustadın tələbələri - Müşfiq Quliyev, Gülnaz Eldarlı, Vəfa Əzizova, Lalə Bədəlbəyli, Atabala Manafzadə, Sevinc Cabrayıl-zadə, Camalə Abdinzadə, Nərgiz Salmanlı, Nərgiz Kəngərli, Jalə Vəliyeva və solistlər - Səbuhi Axundov (viola), Rəşad Abdullayev (fleyta), Günel Əsədova (mezzo-soprano), Orxan Cumayev (cello), Məhəmmədəli Paşazadə (klarnet), Şəfiqə Məmmədova (violin), Nəcəf Vəliyev (truba), Nigar Əsgərova (soprano), Aleksey Miltıx (cello) tərəfindən Fikrət Əmirov, Arif Məlikov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Musa Mirzəyev, Azər Rzayev, Nazim Əliverdibəyov, Əziz Əzizov, Fərhanq Hüseynov, Ceyhun Allahverdiyev və Fərhad Bədəlbəylinin əsərləri səsləndirilib.
Tədbirin ən emosional məqamı yubilyarın hazırda xaricdə yaşayan məzunlarının video-təbrikləri olub. Dünyanın müxtəlif ölkələrindən ustadlarına minnətdarlıqlarını çatdıran musiqiçilər, müəllim-tələbə bağının məsafə tanımadığını bir daha sübut ediblər. Gecə alqışlarla və dərin ehtiram hissi ilə yekunlaşıb.