• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 iyun 2020-ci il

    Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyası onlayn rejimdə iclas və  seminarlarını davam etdirir.

    Bu silsilədən daha bir elmi seminar, 25 iyun 2020-ci il tarixində Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, peşəkar kamança ifaçısı Arif Əsədullayev  “Rast ailəsinə daxil olan muğamlar- Mahurü Hindi və Orta Mahur” adlı seminarını keçirtdi.

    Arif Əsədullayev 20 ilə yaxındır ki, olduqca önəmli elmi tədqiqatla məşğul olur. Azərbaycan instrumental muğamlarını notlaşdıraraq, üç məcmuə dərc etdirmişdir. Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vəsaitdir. Arif Əsədullayev görkəmli muğam bilicisi kimi Azərbaycanın 7 əsas muğamını- Çahargah, Humayun, Rast, Bayatı-Şiraz, Zabul-segah, Şur və Şüştər muğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota yazaraq onları bir məcmuə şəklində birləşdirib.  

    Arif müəllim etiraf edir ki, muğamları nota salmaq həm maraqlı, həm də çox çətin işdir. Hələ XX əsrin əvvəllərində dahi Üzeyir Hacıbəyli “Xalq musiqisinin əsasları”nda 7 əsas muğamın ladını, məqamlarını yazıb göstərmişdir. Qalan muğamlar isə kiçik həcmli muğam, ikinci dərəcəli muğam, törəmə muğamlar adlandırılaraq, əsas muğamlara ailə kimi birləşdirilib. Məsələn: Rast ailəsinə daxil olan muğamlar: Mahurü Hindi, Orta Mahur, Bayatı Qacar, Dügah. Onu da qeyd etmək çox vacib məsələlərdən biridir ki, Rast ailəsinə daxil olan muğamlar qətiyyən eyni fəlsəfi fikri daşımır. Rast muğamı dinləyicidə nəsihət hissi aşılayırsa, Mahurü Hindi mərdlik, döyüşkənlik, müharibə əhvalını nümayiş edir, qəhrəmanlıq ruhunu yaşadır.  

    Orta Mahur artıq xalq qəhrəmanının obrazını yaşadır. Onun əzəmətini, mübarizliyini, yenilməzliyini dinləyici qarşısında tərənnüm etdirir. Orta Mahur muğam dəstgahı, başqa muğam dəstgahları kimi Bərdaşt şöbəsi ilə başlanır. Rizən (qırıq-qırıq) instrumental şəkildə ifa olunan bərdaşt, bütün muğam dəstgahlarının bərdaştından çox fərqli şəkildə seçilir. Temp, sürət, gərginlik, yüksək ifaçılıq texnikası, həddindən artıq diqqət, emossionallıq, aydınlıq özünə qarşı hədsiz tələbkarlıq və inam tələb edən Orta Mahurun bərdaşt şöbəsi daha təsirli səslənirr. Orta Mahur muğam dəstgahını sona çatdırmaq, tamamlamaq üçün mütləq Əşiran şöbəsi ifa etmək lazımdır. Orta Mahur muğam dəstgahının sonluğuna gedən yol Əşiran şöbəsindən başlayır və Koda ( ayaq, mahura qayıdış) ilə dəstgah bitir.  

    Seminarda Arif Əsədullayev Rast muğamının bərdaşt, mayəsini, Mahurü Hindi muğamının bərdaşt, mayəsini, Orta Mahur muğamının bərdaşt, rizən, mayə şöbələrini böyük ustalıqla canlı ifa etdi.

    Sonda BMA-nın elmi tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə bu mövzu və bu mövzunu əhatə edən bir çox məsələlər barədə və xüsusilə də muğamlarımızın mayəsinin araşdırılmasına həsr olunmuş elmi konfrans kecirilməsinə ehtiyac olduğunu qeyd etdi. Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, BMA-nın aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev, böyük elmi işçi Zeynal İsayev və başqaları məruzə ətrafında fikir mübadiləsi apardılar, onları maraqlandıran bəzi suallara aydınlıq gətirərək, mövzunun elmi cəhətdən aktual olduğunu qeyd etdilər.

     

    Elmi-tədqiqat laboratoriyasının elmi işçisi,

    doktorant Nigar Bayramova