• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 iyun 2025-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika”

    3 iyun 2025-ci il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında aparıcı elmi işçi, sənətşünaslıq namizədi Nərminə Bayraməlibəyli tərəfindən «“Türk şöləni” uvertürası Sərdar Fərəcovun yaradıcılığında “türk xətti”nin parlaq nümunəsidir”» mövzusunda elmi seminar keçirilmişdir.

    Bayraməlibəyli öz çıxışında Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Ü. Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovun yaradıcılığından bəhs etmişdir. Məruzəçi bəstəkarın yaradıcı maraqlarının çoxşaxəliliyini və genişliyini qeyd etmişdir. S. Fərəcovun fəaliyyətinin mühüm cəhətlərindən biri onun ТURKSОY-la fəal əməkdaşlığı, bu təşkilatın tədbirlərində daimi iştirakıdır. Belə ki, 2013-cü ildə ТURKSОY-un 20 illiyi ilə əlaqədar sifariş əsasında o, böyük simfonik orkestr üçün “Türk şöləni” uvertürasını yaratmış və həmin uvertüra Türkiyə Respublikasının Prezident orkestri tərəfindən Ankarada uğurla ifa olunmuşdur. Məruzəçi əsərin üslubunun türk xalqlarının musiqisinə xas olan bir çox ümumi cəhətləri ümumiləşdirilmiş şəkildə əks etdirdiyini, uvertüranın proqram xarakterli olmasını və onun obrazlarının təsviriliyini qeyd etdi. O, əsərin musiqi dilinin özünəməxsusluğunu — onun ritmikasını, orkestrovkasını, lad xüsusiyyətlərini və formasını, simfonizminin xarakterini ətraflı şəkildə təhlil etdi. Tədbir iştirakçılarına S. Fərəcovun “Türk şöləni” əsərinin audioyazısı və digər əsərlərindən fraqmentlər təqdim olundu.

    Seminarın sonunda laboratoriyanın əməkdaşları R. Ramazanov, Z. İsayev, İ. Əliyeva tərəfindən məruzəçiyə suallar verildi və o, həmin suallara ətraflı cavab verdi.

    Laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə N. Bayraməlibəyliyə təqdim etdiyi məruzəyə görə təşəkkürünü  bildirdi.

     

    İmina Əliyeva

    Elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru,

    Azərbaycan Bəstəkarlar İttifaqının üzvü