12 iyun 2025-ci il
12 iyun 2025-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının
böyük elmi işçisi Zeynal İsayevin “Xəstəliklərin diaqnostikasında Azərbaycan muğamının istifadəsinin əsasları” mövzusunda elmi seminarı keçirilmişdir.
Məruzəçi çıxışının əvvəlində qeyd etmişdir ki, bu tədqiqat işinin aparılması üçün Azərbaycan xanəndələri arasından Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Alim Qasımovun, Azərbaycanın əməkdar artisti Elnarə Abdullayevanın və tanınmış kamança ifaçısı, Azərbaycanın xalq artisti Elşən Mansurovun ifalarından fraqmentlər götürülmüş və seminarda da həmin fraqmentlər səsləndirilmişdir.
Azərbaycan xanəndələri arasında ilk dəfə olaraq, bu metodika ilə Alim Qasımovun və Elnarə Abdullayevanın səs tembrinin, “Bayatı Şiraz” – fa diyez” tonunda bərdaşın ikinci cümləsini sait səslərin tələffüzü ilə ifa edərkən spektral analiz vasitəsilə onların səsinin (avazının) dalğasındakı spektral komponentlərin amplitud-tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və öyrənilməsinə həsr olunmuş tədqiqatlar aparılmışdır. Eyni zamanda kamança ifaçısı Elşən Mansurovun kamançasının səs tembrinin (həmin muğamın eyni fraqmentini həmin tonallıqda ifa edərkən) spektral analiz vasitəsilə səsinin (avazının) dalğasındakı spektral komponentlərin amplitud-tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və öyrənilməsinə həsr olunmuş tədqiqatlar aparılmışdır. Alınmış nəticələrin müqayisəli akustik tədqiqi həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu tədqiqatlar hələ davam etməkdədir.
- Bu tədqiqatlar ani spektr (“fazanın dondurulması” və ya “ani fotoqrafiya”) metodundan istifadə edilərək aparılmışdır.
- Tədqiqatlar nəticəsində müğənninin avazının (səsinin) və kamançanın səsinin füsunkar və əsrarəngiz tembrinin yaratdığı harmoniklər (fundamental ton və obertonlar), eləcə də onların digər parametrləri və formant tezlik diapazonları müəyyən edilmişdir.
- Bu harmoniklərin ədədi qiymətləri aşkar edilmiş və onların əsasında müvafiq cədvəllər və diaqramlar qurulmuşdur.
- Eyni zamanda, bu harmoniklərin tezlik (Hs) və amplitud (dB) oxlarındakı mövqeləri, həmçinin Furyenin harmonik sıralar qanunundan sağa və ya sola sürüşmələrinin ədədi dəyərləri müəyyən edilmişdir.
- Gözəl səs tembrinin yaranmasında mühüm əhəmiyyət kəsb edən – harmoniklər və formantlar nisbəti araşdırılmış və onlar arasındakı əlaqə öyrənilmişdir.
Zeynal İsayev daha sonra qeyd etmişdir ki, bu tədqiqatlar musiqi dinləyicilərinin neyro-endokrin sistemlərində baş verən, onları valeh edən və onlarda müxtəlif emosional-psixoloji vəziyyətlərin yaranmasına səbəb olan fizioloji proseslərin öyrənilməsi və elmi əsaslarla müəyyən edilməsi üçün zəmin yaradır.
Seminarın sonunda elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçiyə tövsiyə və məsləhətlərini vermişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, Azərbaycanın xalq artisti, professor Zümrüd Məmmədova, bəstəkar Rüfət Ramazanov çıxış edərək, bu tədqiqatların zəruriliyini göstərərək məruzəçiyə uğurlar arzulamışlar.
”Elmi-tədqiqat laboratoriyasının
kiçik elmi işçisi
Sevda İsayeva