• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 iyun 2025-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans zalında 17 iyun 2025-ci il tarixində “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:

    orqonologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmən oğlu Bəhmənlinin  “Ustad Əli dədənin rəqs melodiyaları” adlı monoqrafiyasının təqdimatı keçirildi.

    Tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli açıq elan etdi. O, kitabda olduqca gözəl melodiyalarımızın olduğunu bildirdi. Bunların bizim sərvətimiz olduğunu, bu “qızıl”dan istifadə etməyin lazımlılığını söylədi. Fərhad müəllim tədbirdə iştirak edən baletmeysterlərə müraciət edərək bildirdi ki, bu tədqiqat işi sizin əsas kitablarınızdan biri olmalıdır. Daha sonra Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, akademik Rafael Hüseynov istənilən kitabın faydalılığını və onun qalıcı bir sərvət olduğunu xüsusilə vurğuladı. O, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs dediyi illəri xatırlayaraq, Azərbaycan dühasının bütün var olduğu müddətdə yaratdığı ən ali şəxsiyyətlərdən biri dahi Üzeyir bəyin adını daşıdığı bu “müqəddəs ocağ”ın böyük ənənələrini uzun illərdir ki, Fərhad Bədəlbəylinin ləyaqətlə davam etdiyini söylədi. O, bu  görülən işlərin Azərbaycan mədəniyyətindəki yerinin olduqca vacibliyi, Rauf Bəhmənlinin Azərbaycan musiqi tarixində həmişə yaşayacaq Əli Kərimov haqqındakı bu kitabının dəyərli əsər olduğunu və kitabın ərsəyə gəlməsinin olduqca əhəmiyyətliliyini bildirdi. Rafael Hüseynov Azərbaycan rəqs musiqisinin, balaban, zurna ifaçılığının gələcək nəsillərə məktəb olaraq ötürülməsi üçün Əli Kərimova minnətdar olmağımızı, onun irsini, yaradıcılığını bu günə çatdıranların böyük ehtiram qazandığını və bu istiqamətdə Rauf Bəhmənlinin gördüyü işin böyük qiymətə layiq olduğunu söylədi.

    Tədbirdə Beynəlxalq İnformasiya Alyansının təsisçisi, Beynəlxalq İnsan Hüquqları Komitəsinin Deportament rəhbəri, Beynəlxalq Humanitar İnkişaf Assosiyasiyasının Sülhməramlı səfiri, general Firdovsi Ələkbərov tədqiqatçı-alim Rauf Bəhman oğluna Bəhmənliyə Azərbaycan Mədəniyyətinin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq İnformasiya Alyansı tərəfindən təltif edilmiş “Üzeyir Hacıbəyli” 1-ci dərəcəli Fəxri medalını təqdim etdi.

    Təqdimatda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, bəstəkar Elnara Dadaşova, AMEA Memarlıq və İncəsənət İnstitutunun “Musiqinin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, sənətşünaslıq elmləri doktoru, professor İradə Köçərli, sənətşünaslıq namizədi, dosent Tahirə Kərimova, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev, Müslüm Maqomayev adına Akademik Filarmoniyasının “Azərbaycan Dövlət Rəqs Ansamblı”nın rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, rəqqas-xoreoqraf Rüfət Xəlilzadə, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyidə İdarə Heyəti sədrinin müavini Zamiq Yunisov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu (Əli Kərimovun nəticəsi) çıxış edərək, Rauf Bəhmənlinin Azərbaycan musiqi mədəniyyətindəki xidmətləri, dəyərli tədqiqatları və təqdim olunan kitabı haqqında olduqca dəyərli fikirlərini bildirdilər. Tədbirin moderatoru isə Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə idi. Əməkdar artist Şirzad Fətəliyevin və tələbələrinin ifası da tədbirə xüsusi bir rəng qatdı.

    Qeyd edək ki, ustad sənətçi Əli Kərimovun nəticəsi, “Əli dədə irsinin araşdırılması və təbliği İctimai Birliyi”nin rəhbəri, 2024-cü ildə ustadın 150 illik yubileyinin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı Gündüz Əliyev kitabın çap olunmasına böyük dəstək göstərib.

    Nəfəs alətlərinin mahir ifaçılarından olan Əli Kərimovun yaradıcılığına həsr olunan və Rauf Bəhmənli tərəfindən toplanılan, tədqiq edilən, ustad sənətçinin bəstəsi olan 57 rəqs havasının not yazısını işıqlandırıldığı monoqrafiya Azərbaycan musiqi mədəniyyəti üçün olduqca qiymətli əsərdir.

     

     

    Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Könül Əhmədova-Yusifova