19 iyun 2025-ci il
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika“ elmi tədqiqat laboratoriyasında 19 iyun 2025-ci il tarixində kiçik elmi-işçi
Sevda İsayevanın “Tarixdə və bu gün qəzəlxanlıq. Bakı folkloru” mövzusunda seminarı keçirilmişdir.
Məruzəçi çıxışının əvvəlində qəzəlin yaranma tarixi, qəzəl janrının əsasını təşkil edən əruz vəzni haqqında məlumat verdikdən sonra, xalq artisti Şövkət Ələkbərovanın və digər sənətkarların ifasında görkəmli bəstəkar C.Cahangirovun “Fizuli Kantatası”ndan fraqmentlər səsləndirdi.
Daha sonra Sevda İsayeva qəzəlxanlığın tarixindən bəhs edərək qeyd etdi ki, qəzəlxanlıq sənətinin kökləri XIII-XIV əsrlərdəki sufi məclisləri ilə sıx bağlıdır. Məruzəçi müxtəlif əsrlərdə yaşayıb yaratmış qəzəlxanlar haqqında geniş məlumat verdi.
Bakı folkloruna keçid edən məruzəçi, Bakıda doğulan qəzəlxan və xanəndələrdən Əliağa Vahid, Hacıbaba Hüseynov, Nəriman Əliyev, Hacı Mail, Əlibaba Məmmədov, Tələt Qasımov, Hacı Ələmdar Mahir, Ağaxan Abdullayev və s. haqqında ətraflı məlumat verərək, onların ifasında məşhur muğamları səsləndirdi.
Qəzəlin müasir ifasında, muğamla qəzəl əlaqəsini birləşdirərək bu sənət formasına yeni nəfəs gətirən xalq artisti Alim Qasımovun 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi, qəzəlin və muğamın dünya miqyasında tanınmasına təsir etmişdir.
Muğamın böyük himayədarı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti, milli dəyərlərimizə sonsuz sevgi və qayğısı bu mədəniyyət incimizi dünyaya tanıtdı və Azərbaycan muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etdi.
Seminarın sonunda BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçiyə tövsiyə və məsləhətlərini verib, uğurlar arzuladı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev məşhur qəzəlxanlar və xanəndələr haqqında maraqlı xatirələrini danışdı. Seminar iştirakçıları məruzəçini təbrik edib ona uğurlar arzuladılar.
Elmi-tədqiqat laboratoriyasının
elmi işçisi, doktorant
Nazlı Mustafayeva