24 iyun 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında 24 iyun 2025-ci il tarixində “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:
orqonologiya və akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifovanın “Məmmədağa Umudov ömrü...” adlı elmi seminarı keçirildi.
Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə elmi seminar iştirakçılarını salamlayaraq, çıxış üçün sözü K.Əhmədova-Yusifovaya verdi. Məruzəçi Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovun həyat və yaradıcılıq yolunu müfəssəl şəkildə işıqlandırmışdır. K.Əhmədova-Yusifova bəstəkarın tar və simfonik orkestr üçün “Konsert”, violin və simfonik orkestr üçün “Konsert”, “Cümhuriyyət marşı”, “Cahargah” simfonik muğamı, “Dəsgah” əsərlərini xüsusi ilə təhlil etmişdir.
Məruzəçi daha sonra Məmmədağa müəllimin pedaqoji fəaliyyəti, konsert proqramlarında ifa olunan əsərləri haqqında məlumat verdi. Həmçinin bəstəkar haqqında görkəmli sənət xadimlərinin səsləndirdiyi fikirləri seminar iştirakçılarına təqdim etdi. Elmi seminarda təhlil olunan əsərlərin video nümayişi izlənildi və mövzu ilə əlaqəli bir çox slaydlar da təqdim olundu.
Sonda Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov təşkil etdiyi elmi seminara görə Könül xanıma minnətdarlığını bildirdi və Özbəkistanda keçirilən “Beynəlxalq nəfəs alətləri” adlı müsabiqəsi haqqında danışdı, həmçinin keçmiş xatirələrini paylaşdı.
Tədbirdə Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru Gülnaz Abdullazadə, yazıçı, ssenarist Firudin Qurbansoy, Əli Yunusov və elmi laboratoriyanın əməkdaşları iştirak edirdilər. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Maya Qafarova Könül xanımı maraqlı seminar münasibəti ilə təbrik etdilər, bəstəkara ürək sözlərini söylədilər.
Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının elmi işçisi
Bəsti Kazımova