6 noyabr 2025-ci il
“Üzeyir Hacıbəyli və Azərbaycan xalq musiqisinin bədii ənənələri” mövzusunda dəyirmi masa
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının nəzdində fəaliyyət göstərən “Ənənəvi musiqinin təcrübə mərkəzi” dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş festival çərçivəsində “Üzeyir Hacıbəyli və Azərbaycan xalq musiqisinin bədii ənənələri”mövzusunda dəyirmi masa təşkil edib. Dəyirmi masa 6 noyabr 2025-ci il tarixində, saat 11:00-da keçirilib. Dəyirmi masada “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professorGülzar Mahmudova, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov, Əməkdar incəsənət xadimi, “Ənənəvi musiqinin təcrübə mərkəzi”nin müdiri, professor Cavanşir Quliyev, “Musiqi tarixi” kafedrasının müəllimi Ülkər Rzayeva, “Tarix-nəzəriyyə” fakültə Elmi Şurasının baş laborantı Nəcibə Ələkbərova, bakalavr və magistr etnomusiqişünas tələbələri iştirak etmişdir.
Tədbiri professor Tariel Məmmədov açaraq, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən, onun xalq musiqisi ənənələrini professional bəstəkarlıq məktəbi ilə sintez etmə bacarığından bəhs edib.Bakalavr və magistr etnomusiqişünas tələbələr Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş təqdimatlarla çıxış ediblər. Müzakirələr zamanı iştirakçılar Üzeyir Hacıbəylinin yaradıcılığında xalq musiqisinin bədii dəyərləri, milli musiqi irsinin tədrisində və müasir musiqi təhsilində bu ənənələrin qorunub inkişaf etdirilməsi mövzularına toxunublar.
Dəyirmi masa Üzeyir Hacıbəylinin zəngin irsinin tədqiqi, gənc musiqiçilərdə milli musiqiyə marağın artırılması və ənənəvi musiqinin müasir təhsil prosesində tətbiqinə həsr olunmuş müzakirələrlə yadda qalıb.
