19 dekabr 2025- ci il
19 dekabr 2025 ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə elmi-yaradıcı konfrans-tədbir təşkil olunub.
Tədbir Tələbə Elmi Cəmiyyətinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva tərəfindən keçirilib.
Konfransın əsas özəlliyi ondan ibarət olub ki, ilk dəfə olaraq “Tarix-nəzəriyyə” fakültəsinin “Bəstəkarlıq” kafedrasının tələbələrinin əsərləri musiqişünas tələbələr tərəfindən elmi təhlilə cəlb edilib. Tədbirdə Akademiyanın professor-müəllim heyəti iştirak edib, tələbələr isə dinləyici qismində yer alıblar.
Tədbir çərçivəsində əvvəlcə Heydər Əliyevin anım günü ilə əlaqədar slayd təqdimatı nümayiş etdirilib, ardınca Ulu Öndərin Azərbaycan bəstəkarlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən çıxış səsləndirilib. Konfrans eyni zamanda Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində təşkil olunub.
Konfrans musiqişünaslıq ixtisası üzrə I kurs tələbəsi Validə Hacıyevanın “Heydər Əliyev bəstəkar yaradıcılığında” mövzusunda məruzəsi ilə açıldı. Məruzədə Ulu Öndərin Azərbaycan professional musiqisinin inkişafında, xüsusilə bəstəkar yaradıcılığına göstərdiyi diqqət və qayğı elmi-nəzəri baxımdan təhlil olundu.
Daha sonra musiqişünaslıq ixtisasının II kurs tələbəsi Nəzrin Məmmədova bəstəkar Ülvi Hüseynzadənin violino və fortepiano üçün yazdığı dörd pyesi, eləcə də fortepiano üçün “Mövzu və 13 variasiya” əsərini təhlil edərək müəllifin forma quruluşu və tematik inkişaf prinsiplərinə diqqət çəkdi (müəllim: professor Ceyhun Allahverdiyev).
Konfransın növbəti hissəsində tələbə-musiqişünas tərəfindən Nuray Əliyevanın fortepiano üçün yazdığı “Mövzu və 7 variasiya” əsərinin kiçik təhlilini etdikdən sonra bu əsərin canlı ifasını müəllif tərəfindən dinləyicilərə təqdim etdi. (müəllim: professor Ceyhun Allahverdiyev).
Musiqişünaslıq ixtisasının II kurs tələbəsi Nuray Qasımlı bəstəkar Fatimə Məmmədlinin violino və fortepiano üçün yazdığı iki pyesi, eləcə də Xəyal Əsədlinin “Prelüd №5” əsərini təqdim edərək obrazlılıq, məqam xüsusiyyətləri və faktura məsələlərinə toxundu (müəllimlər: professor Aydın Əzimov, dosent Aliyə Məmmədova).
Tədbirin davamında Dürnisə Hüseynova bəstəkar-tələbə Sevgim Musazadənin simli kvartet üçün yazdığı pyesi, həmçinin Vəfa Əhmədbəyovanın fortepiano üçün “İthaf” və “Ötən anlar” silsilələrindən prelüdlərini təhlil etdi. Məruzədə kamera janrında ifadə vasitələrinin özünəməxsusluğu ön plana çəkildi (müəllimlər: professor Aydın Əzimov, dosent Gülnarə Məmmədova).
Daha sonra Fatimə Məmmədzadənin yaradıcılığına həsr olunmuş çıxışda tenor və fortepiano üçün “Təəssüf” romansı (Nizami Gəncəvinin sözləri) və fortepiano üçün “Nöqtələr və səslər” əsəri təqdim edildi. Təhlildə vokal-instrumental ifadə vasitələrinin poetik mətnlə əlaqəsi vurğulandı (müəllim: dosent Arzu Məmmədova).
Musiqişünaslıq ixtisasının II kurs tələbəsi Ayşən Rəfizadə Ağabəşir Bayramzadənin klarnet və fortepiano üçün üçhissəli sonatası, eləcə də Arsalan Navab Moghadamın simli kvartetinin birinci hissəsi üzərində qurulmuş təhlillə çıxış etdi (müəllim: professor Ceyhun Allahverdiyev).
Proqram Nübar Ağaməmmədovanın təqdimatı ilə yekunlaşdı. O, Vahid Rəhimovun fortepiano üçün “Prelüd №6” əsərini və Məhəmməd Füzulinin sözlərinə yazılmış “İstərəm” romans-qəzəlini, həmçinin Həsən Bədəlzadənin fortepiano üçün yazdığı altı prelüdünü təhlil etdi (müəllimlər: professor Ceyhun Allahverdiyev, professor Aydın Əzimov).
Bu konfrans gənc bəstəkarların yaradıcılıq axtarışlarının elmi müstəvidə dəyərləndirilməsi, musiqişünas tələbələrin analitik təcrübəsinin genişləndirilməsi baxımından əhəmiyyətli elmi-yaradıcı platforma kimi yadda qalıb.


