• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 mart 2026-cı il

    3 mart 2026-cı il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanaloqiya və akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Aynur Əliyevanın “Bakı folkloru – Şağan” adlı seminarı keçirildi.

    Aynur Əliyeva çıxışının əvvəlində Şağan folklor mühitinin Abşeron yarımadası çərçivəsində formalaşaraq qədim inancları, mərasim ənənələrini və bölgənin etnoqrafik xüsusiyyətlərini əks etdirdiyini, həmçinin “Şağan” toponiminin mənşəyi ilə bağlı müxtəlif elmi yanaşmalar haqqında məlumat verdi.

    Məruzəçi öz çıxışında Şağan kəndində toy adət-ənənələrindən, o cümlədən sərpayı və xınayaxdı mərasimlərindən, uğurlu gün seçimi, üzərlik mərasimi kimi inanclardan bəhs edərək bu adətlərin bir qisminin artıq unudulmaqda olduğunu qeyd etdi.

    Eyni zamanda Aynur Əliyeva, kənddə XX əsrin əvvəllərində teatr ənənəsinin formalaşmasını, Nəriman Nərimanovun “Nadir şah” əsərinin səhnələşdirilməsini, Novruz və qonaqpərvərlik ənənələrini, eləcə də Şağanın elm və sənət adamları ilə seçilən bir mühit olduğunu vurğuladı.

    Bununla yanaşı, məruzəçi çıxışında Hacı Aqil Məlikov, Bəbir Bəyməmməd oğlu Məmmədzadə, Hacıbəy Sultanov, Adil Gəray, Bəhruz Zeynalov, Qəmər Almaszadə, Həbibulla Məmmədbəyli, Hamlet Xanızadə və Səfurə İbrahimova kimi Şağanın yetirmələrinin adlarını xüsusi vurğulayaraq kəndin elm, incəsənət və ictimai-siyasi sahələrdə tanınmış simalar yetişdirdiyini qeyd etdi. Seminar zamanı Şağandan çıxmış görkəmli şəxsiyyətlərin şəkilləri də nümayiş etdirildi ki, bu da mövzunun iştirakçılar tərəfindən daha maraqla qarşılanmasına səbəb oldu.

    Seminarın sonunda elm və innovasiya məsələləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxış edərək seminarın elmi əhəmiyyətini yüksək qiymətləndirdiklərini və belə tədqiqatların milli-mədəni irsin qorunması baxımından xüsusi önəm daşıdığını vurğuladılar. Sonda laboratoriyanın elmi işçiləri məruzəçini təbrik edərək ona gələcək elmi fəaliyyətində uğurlar arzuladılar.

    Kazımova Bəsti

    Ü.Hacıbəyli adına BMA-nın

    elmi-tədqiqat laboratoriyasının elmi işçisi