• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 iyun  2026-cı il

    11 iyun 2026-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında  böyük elmi işçi Zeynal İsayevin

    “Azərbaycan milli çalğı aləti SAZın konstruktiv xüsusiyyətləri. Baş və şah pərdələrin akustik xarakteristikaları” və kiçik elmi işçi Sevda İsayevanın “Sazın tarixi və Azərbaycan  musiqi mədəniyyətində yeri” mövzusunda  birgə elmi seminarı keçirilmişdir.

    Məruzəçi Sevda İsayeva çıxışının əvvəlində sazın əcdadı olan qopuzun yaranma tarixi və ozan sənəti haqqında ətraflı məlumat vermişdir. Ozan sənəti minilliklər boyu böyük təkamül yolu keçərək  aşıq sənətinə çevrildiyi kimi, qopuz da Şah İsmyıl Xətainin dövründə indiki saz formasını almışdır. Tanınmış saz ifaçıları və məşhur aşıq havaları haqqında məlumat verildikdən sonra ustad sənətkar  Ədalət Nəsibovun “Yanıq Kərəmi” aşıq havası səsləndirilmişdir. Bir çox Azərbaycan filmlərində aşıq sənəti  və saz ifaları mühüm yer tutduğundan,  “Yeddi oğul istərəm” və  “Tütək səsi”  filmlərindən  fraqmentlər göstərilmişdir.

    Seminarı davam etdirən məruzəçi Zeynal İsayev Azərbaycan sazının bəzi akustik (amplitud-tezlik) xarakteristikaları, habelə rezonatorlarında baş verən akustik proseslər haqqında məlumat vermiş və bu prosesləri tar,  kamança, ud və s. simli alətlərdə baş verən rezonans prosesləri ilə müqayisə etmişdir. Zeynal müəllim həmçinin baş və şah pərdələrin spektral analizi nəticəsində əldə olunan spektroqramları və oradakı obertonların amplitud-tezlik xarakteristikaları haqqında geniş məlumat verərək, onlara aid müvafiq diaqramlar və videogörüntülər nümayiş etdirmişdir.

    Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyanın dosenti, saz və aşıq musiqisi üzrə yüksək səviyyəli mütəxəssis Mübariz Əliyev iştirak edərək, aşıq musiqisi və saz ifaçılığı haqqında çox maraqlı məlumatlar vermiş,  belə bir mövzuya müraciət edildiyinə görə BMA-nın  və laboratoriyanın  rəhbərliyinə öz minnətdarlığını bildirmişdir. Mübariz müəllimin ifasında səslənən “Misri” saz ifası seminar iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.

    Sonda elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə xanım  İsmayılzadə Mübariz müəllimə seminarda iştirakına görə kollektiv adından təşəkkürünü bildirmiş, məruzəçilərə isə öz tövsiyə və məsləhətlərini vermişdir. Diskussiyaya səbəb olan mövzu ətrafında sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor Arif müəllim  Əsədullayev saz haqqında çox maraqlı faktlar danışmış, saz musiqisi haqqında öz fikirlərini seminar iştirakçıları ilə bölüşərək, məruzəçilərə uğurlar arzulamışdır.

    Zeynal İsayev

    BMA–nın elmi-tədqiqat laboratoriyasının

    böyük elmi işçisi