25 iyun 2026-cı il
25 iyun 2026-cı il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Bəkirova tərəfindən Bakı Musiqi Akademiyasının zəngin tarixi keçmişini əks etdirən geniş və fundamental seminar təşkil olunmuşdur. Seminar “Azərbaycan Dövlət Konservatoriyası tarix və faktlarla üz-üzə” adlı mövzunu əhatə edirdi.
Məruzəçi Günel Bəkirova seminarın mövzusu üzərində uzun müddət ərzində ciddi və səmərəli elmi-tədqiqat işi aparmışdır. O, xüsusilə dövlət arxivlərindən BMA-nın fəaliyyətinə dair 1920-1950-ci illəri əhatə edən, geniş kütləyə məlum olmayan unikal sənədlər, tarixi faktlar və qiymətli fotomateriallar əldə etmişdir. Tədqiqatçıtopladığı bütün bu zəngin materialları xronoloji sistemə salaraq mükəmməl və fundamental bir tədqiqat əsəri ərsəyə gətirmişdir. Seminarda nümayiş etdirilən xronoloji materiallar və arxiv fotoları akademiyanın yarandığı gündən bu yana keçdiyi şərəfli yolu vizual və elmi şəkildə açıqlayırdı.
Yüksək elmi səviyyədə təşkil olunan çıxış seminar iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Tədbirdə BMA-nın innovasiya və elm məsələləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə və elmi laboratoriyanın müdiri, dosent Nuridə İsmayılzadə başda olmaqla, laboratoriyanınəməkdaşları və qonaqlar; xalq artisti Şəfiqə Eyvazova, istedadlı kamança ifaçısı Mehri Əsədullayeva da iştirak etmişlər. Seminar iştirakçıları tərəfindən qeyd olunduki, təqdim olunan mövzu həm akademiya, həm də bütövlükdə Azərbaycan musiqi təhsili tarixi üçün müstəsna əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Günel Bəkirova öz elmi-tədqiqat fəaliyyətilə Azərbaycan musiqi elminin inkişafına öz töhfələrini verən gənc və perspektivli tədqiqatçılardanbiri kimi olduqca geniş və maraqlı seminar hazırlamışdır. Çıxış edən seminar iştirakçıları, alimlərvə həmkarları Günel xanımın bu araşdırmasını gələcək nəsillər üçün mühüm bir mənbə olduğunu vurğulayaraq, ona elmi yaradıcılıq yolunda yeni uğurlar arzulamışlar.
ZÜMRÜD MƏMMƏDOVA
Xalq artisti, dosent, BMA-nın böyük elmi işçisi
İLAHƏ QİSMƏT q. ABDULLAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi işçi, bəstəkar


