29 iyul 2026-cı il
Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Gilan Holdingin dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirildi.
“Gabala Fest” Azərbaycanın ən möhtəşəm mədəniyyət hadisələrindən biri olaraq, bu il təmamilə yenilənmiş formatda təqdim olundu. Festival klassik musiqi ilə yanaşı, tətbiqi incəsənət, ədəbiyyat, ustad dərslər, sərgilər və açıq hava tədbirlərini bir araya gətirərək, 29 iyul-3 avqust tarixlərində Qəbələni 6 gün ərzində incəsənətin, mədəniyyətin və yaradıcılığın mərkəzinə çevirdi.
Festivalın açılışı (29 iyul) Azərbaycanın Xalq artisti Ramiz Məlik-Aslanovun dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Aysun Mahmudzadə (soprano), Şəmistan Əliyev (klarnet) və Vaqif Qurbanovun (violonçel) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək bildirib ki, artıq 15 ildir bu festival uğurla keçirilir. O bildirib ki, bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış solistlər, simfonik orkestrlər, xor kollektivləri, dirijorlar və digər ifaçılar Qəbələ səhnəsində çıxış etmişlər.
Festival çərçivəsində Heydər Əliyev Konqress Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələrinin iştirakı ilə “Kamera musiqi axşamı” keçirilib. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının - M.Ravel, B.Smetana, A.Şnitke, T.Quliyev, A.Məlikov, F.Əmirov, həmçinin gənc bəstəkarların seçmə əsərləri yüksək məharətlə səsləndirilib.
Akademiyanın müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri – zərb alətləri, simli alətlər, fortepiano, nəfəs alətləri orkestri, bəstəkarlıq, rok və caz ixtisasları, “Sabah” qruplarının kamera xoru (bədii rəhbər: BMA-nın baş müəllimi Dimitriy Babayev), eləcə də digər ixtisas sahələri üzrə gənc ifaçılar festivalda möhtəşəm çıxışlarla tamaşaçıları sevindirdilər.
Tələbələrin məharətli ifaları dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.
Bakı Musiqi Akademiyası olaraq, tələbələrimizin uğurlu çıxışları ilə fəxr edir, onların gələcəkdə də beynəlxalq səviyyəli layihələrdə ölkəmizi layiqincə təmsil edəcəklərinə inanırıq.