• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 oktyabr 2026-cı il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q. Qarayev adına konfrans zalında 22-23 tarixlərində “MUSİQİŞÜNASLIĞIN AKTUAL PROBLEMLƏRİ: ƏNƏNƏ VƏ MÜASİRLİK” adlı Respublika elmi-praktiki konfrans keçirildi.

    Konfrans görkəmli musiqişünas alim, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin elmi və yaradıcılıq irsinin araşdırılmasına həsr olunmuşdur.Konfransın ilk günü plenar iclasda təqdim olunan məruzələr alimin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə etməklə, onun elmi düşüncəsinin özünəməxsus xüsusiyyətlərinin, tədqiqat maraqlarının və musiqişünaslıq sahəsinə verdiyi töhfələrin daha dərindən dərk olunmasına şərait yaratmışdır.

    Plenar iclasda BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Gülnaz Abdullazadənin elmi-fəlsəfi düşüncəsində Üzeyir Hacıbəyli fenomeni: milli özünüdərk, musiqi mədəniyyəti və tarixi irsin qorunması”, elmi-tədqiqat laboratoriyasının elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar İlahə Abdullayeva “Gülnaz Abdullazadənin bəstəkarlıq yaradıcılığı” və BMA-nın “Musiqi tarixi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva “Musiqi və fəlsəfi düşüncənin vəhdətində: Gülnaz Abdullazadənin vokal yaradıcılığı” adlı məruzələrlə çıxış edərək alimin yaradıcılığının ayrı-ayrı aspektlərinə diqqət yetirmişlər. Məruzələrdə Gülnaz Abdullazadənin elmi irsinin öyrənilməsi, onun musiqi-nəzəri fikirlərinin əhəmiyyəti və musiqişünaslıq elminə verdiyi töhfələrin qiymətləndirilməsi konfransın əsas müzakirə istiqamətlərindən biri kimi ön plana çıxmışdır.

    Konfransın “Azərbaycan musiqişünaslığında tədqiqatlar və şəxsiyyətlər” adlı bölməsinə rəhbərlik edən Nuridə İsmayılzadə Konfransın “Azərbaycan musiqişünaslığında tədqiqatlar və şəxsiyyətlər” adlı bölmənin elmi istiqamətini müəyyənləşdirən çıxışı ilə diqqəti cəlb etmiş, Gülnaz Abdullazadənin elmi irsinin araşdırılması və musiqişünaslıq tarixindəki mövqeyinin öyrənilməsinin əhəmiyyətini vurğulamışdır.

    Konfransın ilk günü maraqlı məqamlardan biri də İlham Nəzərovun təqdim etdiyi canlı ifa oldu. Sənətçi Nizami Gəncəvinin sözlərinə Gülnaz Abdullazdə tərəfindən bəstələnmiş “Könlüm sitəminlə canə yetdi” əsərini və iki vokalizini ifa edərək elmi tədbirə xüsusi bədii ovqat qatmış oldu. Bu musiqi nömrələri konfransın elmi məzmununu bədii təqdimatla tamamlayaraq iştirakçılara yaddaqalan anlar yaşatdı.

    Çıxışlar Gülnaz Abdullazadənin elmi fəaliyyətinin müxtəlif cəhətlərini vahid elmi müstəvidə birləşdirərək onun yaradıcılıq irsinin əhatəli şəkildə təqdim olunmasına imkan vermişdir. Məruzələrin mövzu baxımından ümumi istiqaməti alimin elmi irsinə marağın qorunması, onun tədqiqatlarının müasir musiqişünaslıq kontekstində dərk edilməsi və gələcək araşdırmalar üçün əhəmiyyətinin müəyyənləşdirilməsi baxımından diqqətəlayiq olmuşdur.

    23 oktyabr tarixində konfransın “Musiqidə müasir texnologiyalar və innovasiya məsələləri” və “Azərbaycan bəstəkarlıq məktəbi” adlı bölmələrinə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Əlavə təhsil” şöbəsinin müdiri, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova və BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Şirinova rəhbərlik etmişlər. Bölmələrdə təqdim olunan məruzələr müasir musiqi elminin aktual problemlərini, innovativ yanaşmaların əhəmiyyətini, eləcə də Azərbaycan bəstəkarlıq məktəbinin tarixi inkişafını və yaradıcılıq xüsusiyyətlərini əhatə etməklə elmi fikir mübadiləsi üçün əlverişli şərait yaratmışdır. İştirakçılar tərəfindən təqdim olunan elmi araşdırmalar müzakirə edilən mövzuların nəzəri və praktik əhəmiyyətini üzə çıxarmış, musiqişünaslıq tədqiqatlarının yeni istiqamətlərinə diqqət yönəltmişdir.

    Konfransın yüksək səviyyədə təşkil olunmasında və uğurla keçirilməsində elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadənin böyük zəhməti və əvəzsiz xidmətləri olmuşdur. Onun təşəbbüsü, əməyi və təşkilatçılığı konfransın elmi və mədəni əhəmiyyətinin artırılmasına mühüm töhfə vermişdir. 

    Ü. Hacıbəyli adına BMA-nın elmi tədqiqat 

    laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur Əliyeva