25 fevral 2026-cı il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Beynəlxalq musiqi əməkdaşlığı çərçivəsində konsert keçirildi.
25 fevral 2026-cı il tarixində YAMAHA və ALLSTAR LLC şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinin dəstəyi ilə Polşanın tanınmış saksofon ifaçısı, solist, kamera və sessiya musiqiçisi, Friderik Şopen adına Musiqi Universitetinin professoru Paweł Gusnarın Bakı Musiqi Akademiyasında konserti baş tutdu.
Tədbirdə ön sözlə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, Paweł Gusnarı tamaşaçılara təqdim etdi. Professor Yeganə Axundova çıxışında YAMAHA və ALLSTAR LLC şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinə təşəkkürünü bildirərək, bu cür təşəbbüslərin gənclərin musiqi dünya görüşünün inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Ardınca cənab P.Gusnar da öz növbəsində qonaqpərvərliyə görə BMA-nın rəhbərliyinə təşəkkür edib, iki ölkə arasında mədəni əlaqələrin möhkənləndirilməsini yüksək dəyərləndirdi.
Tanınmış saksafonçu Paweł Gusnar zəngin musiqi proqramı ilə dinləyicilərdə xoş ovqat yaratdı. O, konsertdə müxtəlif musiqi janrlarına yer verməklə yanaşı, eləcə də fərqli səs effektlərinin müşayiətilə alətə müasir aspektdən yanaşması musiqinin sonsuz ümmantək sərhədsiz olduğunu peşəkarcasına nümayiş etdirdi.
Konsert proqramında: Xalq artisti, professor Yeganə Axundova Paweł Gusnar ilə S.Raxmaninovun “Vokaliz”, BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının müəllim və tələbə heyəti ilə Jazz standartlarını ifa etdilər. P.Gusnar isə H.Hanckok “Watermelon Man, Jazz band (Blue bossa (c moll), All of me (C dur), Pick the pieces əsərləri ilə çıxış etdi.
Konsert tamaşaçıların zövqünü oxşayaraq, böyük coşqu ilə qarşılandı.