• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 aprel  2026-cı il 

    15 aprel 2026 il tarixində Beynəlxalq Muğam Mərkəzində böyük rus bəstəkarı, pianoçu və dirijor Sergey Raxmaninovun xatirəsinə həsr olunmuş “İthaf” adlı konsert keçirilmişdir.

    Tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina açmışdır. O, Raxmaninovun şəxsiyyətinin və yaradıcılıq fəaliyyətinin dünya musiqi sənətinin inkişaf tarixi kontekstində əhəmiyyətindən, eləcə də bu görkəmli sənətkarın musiqisinə Azərbaycan ifaçıları tərəfindən göstərilən sönməz maraqdan bəhs etmişdir.
    Konsert proqramı beynəlxalq və respublika müsabiqələri laureatlarının: BMA-nın məzunu, vokal ifaçısı Kənan Rəhmanzadə (Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi İlham Nazarovun sinfi) və BMA-nın II kurs tələbəsi, pianoçu Əli Hüseynli (SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor, BMA-nın rektoru Fərhad Bədəlbəylinin sinfi) ifasında təqdim olunmuşdur. Musiqi axşamı zamanı Raxmaninovun məşhur vokal və fortepiano əsərləri — romanslar, etüd-lövhələr, həmçinin “Aleko” operasından bir fraqment səsləndirilmişdir. Hər bir əsərin ifasından əvvəl onun xarakterini və məzmununu açıqlayan qısa ön söz təqdim olunmuşdur; bu təqdimat Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nazarov tərəfindən həyata keçirilmişdir.

    Tədbir böyük anşlaqla keçmişdir.