30 aprel 2026-cı il
30 aprel 2026-cı il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində dünyaşöhrətli tarzən Ramiz Quliyevin əziz xatirəsinə həsr olunmuş konsert yüksək sənətkarlıq nümunəsi kimi yadda qaldı.
Gecə həm emosional dərinliyi, həm də peşəkar təşkilatçılığı ilə seçilərək, milli musiqi irsimizin nə qədər zəngin və əbədiyaşar olduğunu bir daha nümayiş etdirdi.
Konsertin bədii rəhbəri və dirijoru, sənətkarın oğlu Əyyub Quliyev idi. Onun dirijorluğu ilə Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı xüsusi ahəng və intizamı ilə seçilirdi. Dirijorun interpretasiyası həm atasına olan ehtiramın, həm də musiqiyə dərin bağlılığın ifadəsi kimi hiss olunurdu. Orkestrin ifasında milli musiqi ilə simfonik janrın vəhdəti uğurla təqdim olundu.
Tədbirin açılışını edən Rafael Hüseynovun çıxışı konsertə xüsusi məna qatdı. Onun Ramiz Quliyevin yaradıcılığı və Azərbaycan musiqisindəki rolu barədə söylədiyi fikirlər dinləyiciləri sənətkarın həyat və yaradıcılıq fəaliyyətinə daha dərindən nəzər salmağa sövq etdi.
Qeyd etmək istərdim ki, bu konsert təkcə xatirə gecəsi deyil, həm də milli musiqimizin inkişaf yoluna nəzər salan, onun gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayan əlamətdar sənət hadisəsi idi. Xatirə gecəsinin yüksək səviyyədə təşkili və ifaların peşəkarlığı göstərdi ki, Ramiz Quliyev kimi sənətkarların irsi yaşayır və yaşadılmağa davam edir.
Sonda tarda Ramiz Quliyevin ifasında səsləndirilən V.Adıgözəlovun “Qərənfil” romansı gecənin ən təsirli məqamlarından birinə çevrildi. Tamaşaçıların bu ifanı ayaq üstə dinləməsi sənətkara olan dərin ehtiramın və xalq sevgisinin parlaq təzahürü idi. Bu an konsertin emosional zirvəsi kimi yadda qalaraq, Ramiz Quliyevin sənətinin qəlblərdə necə dərin iz buraxdığını bir daha sübut etdi.
Tədbirdə Azerbaycan Respublikasının mədəniyyət naziri A.Kərimlinin, Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor F.Əliyevanın, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor F.Bədəlbəylinin iştirakı və konserti sonadək izləmələri bu tədbirin mədəni əhəmiyyətini bir daha təsdiqlədi. Ümumilikdə, konsertdə müxtəlif ifaçıların və musiqiçilərin iştirakı proqramın rəngarəngliyini təmin etdi və hər bir çıxış Ramiz Quliyev sənətinə ehtiramın fərqli ifadəsi kimi səsləndi.
Qeyd etmək vacibdir ki, xalq artisti, professor Ramiz Quliyev uzun illər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında baş elmi işçisi vəzifəsində fəaliyyət göstərmişdir. Onun bu sahədəki fəaliyyəti yalnız ifaçılıqla məhdudlaşmayaraq, həm də milli musiqi irsinin elmi şəkildə öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm töhvələr vermişdir.
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Nigar Bayramova

