• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyul 2026-cı il 

    SABAH İncəsənət Festivalında gənc istedadların möhtəşəm musiqi axşamı

    2 iyul 2026-cı il tarixində Opera Studiyasının səhnəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının SABAH qrupları tələbələrinin SABAH İncəsənət Festivalı çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu.

    Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
     Baş tutan tədbir SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilməsi ilə davam etdi.
     Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutdu. 
     Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAH-ın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olundular.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinə diplomlar Əməkdar müəllim, BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva tərəfindən təqdim olundu.

    Konsert klassik musiqidən Azərbaycan xalq musiqisinə, cazdan xor sənətinə qədər geniş repertuarı ilə seçildi. Tamaşaçılar Vaqif Adıgözəlovun “Qərənfil”, Alfred Şnitkenin “Nağıl”, Aqşin Əlizadənin “Cəngi”, Edvard Qriqin “Səhər” süitası, Volfqanq Amadey Motsartın operalarından duet, Polad Bülbüloğlunun “Aman ayrılıq”, Tofiq Quliyevin “Qaytağı” və “Sevgi rəqsi” kimi müxtəlif üslubları əhatə edən əsərləri dinlədilər.

    Proqramın rəngarəngliyini xor kollektivlərinin çıxışları daha da zənginləşdirdi. “Xarı Bülbül” xorunun (bədii rəhbər: professor Leyla Məmmədova) ifasında səslənən “Qubanın ağ alması”“Detaşe SABAH” (bədii rəhbər: Xalq artisti, professor Zəhra Quliyeva) xorunun təqdim etdiyi “Pəncərədən daş gəlir” Azərbaycan xalq mahnısı və finalda SABAH xor kollektivinin (bədii rəhbər: baş müəllim Dimitriy Babayev) dünya musiqisinin incilərindən biri olan “What a Wonderful World” əsərinin duyğulu ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

    Konsertdə həmçinin caz kollektivinin ifasında “Recado Bossa Nova” və Herbie Hancockun məşhur “Chameleon” əsərləri səslənərək proqrama müasir nəfəs qatdı. Axşam Cahangir Cahangirovun “Cənnətin Qarabağ” əsəri və Ə.Əzizlinin “Naz-Naz” kompozisiyası ilə yüksək emosional notda yekunlaşdı.

    Bu konsert bir daha göstərdi ki, Bakı Musiqi Akademiyasının SABAH qruplarında təhsil alan tələbələr yalnız peşəkar ifaçılıq bacarıqları ilə deyil, həm də klassik, milli və müasir musiqi üslublarını eyni səhnədə uğurla təqdim etmək qabiliyyəti ilə seçilirlər. Gənc musiqiçilərin yüksək səviyyəli çıxışları festivalın ən yaddaqalan musiqi hadisələrindən birinə çevrildi.