22 oktyabr 2026-cı il
Gülnaz Abdullazadə 80 - yubiley konserti
22 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli musiqişünas alim, bəstəkar, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Bu tədbir onun zəngin elmi və yaradıcılıq fəaliyyətinə, Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrə ehtiramın ifadəsi kimi əlamətdar olmuşdur. Bu yubiley tədbiri alimin çoxillik fəaliyyətinin qiymətləndirilməsi ilə yanaşı, musiqi elmi və ifaçılıq sənəti arasında mövcud olan sıx əlaqələrin nümayişi baxımından da xüsusi əhəmiyyət daşımışdır.
Tədbirin açılışında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli öz maraqlı çıxışı ilə Gülnaz Abdullazadəni təbrik etdi. Akademiyanın tədris işləri üzrə prorektoru professor, əməkdar müəllim Nərminə Quliyeva, Azərbaycan Milli Konservatoriyasının professoru Lalə Hüseynova çıxış edərək yubilyarın həyat və fəaliyyətinin əhəmiyyətindən, onun musiqi elminə verdiyi töhfələrdən və Azərbaycan mədəniyyətində tutduğu mövqedən bəhs etdilər. Çıxışlarda Gülnaz Abdullazadənin elmi fəaliyyəti, musiqi sənətinə münasibəti və yetişməkdə olan musiqişünaslar nəslinin formalaşmasında rolu diqqətə çatdırıldı. Eyni zamanda, Gülnaz Abdullazdə də tədbir iştirakçılarının qarşısında çıxış edərək, başda rektor olmaqla, onlara öz təşəkkürünü bildirdi.
Konsert proqramının məzmunlu və ardıcıl təqdimatında tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Əhmədova-Yusifovatərəfindən nümayiş etdirilən peşəkarlıq xüsusi qeyd olunmalıdır. O, tədbirin ayrı-ayrı mərhələləri arasında əlaqə yaradaraq yubiley konsertinin ümumi dramaturji xəttinin qorunmasına, təqdim olunan çıxışların vahid məcrada birləşməsinə şərait yaratdı.
Tədbirin diqqətəlayiq məqamlarından biri dəBMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Ağası tərəfindən hazırlanmış videofilmin nümayişioldu. Sənətkarın yubileyinə həsr olunan bu videomaterial tədbirə xüsusi emosional çalar qataraq onun həyat və sənət yoluna vizual ehtiram ifadəsinə çevrildi. Videoçarx vasitəsilə bir çox tanınmış simalar - İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasının vokal müəllimi Emel Şenocak, Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının professoru Saule İsxakovna Utegaliyeva, Özbəkistan Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq doktoru Azatgül TaşmatovaGülnaz xanıma öz təbriklərini çatdırmışlar. Belə bir təqdimat yubiley mərasiminin yalnız təntənəli xarakterini deyil, həm də sənətkarın irsinin yaddaşlarda yaşadılması məqsədini ön plana çıxarmışdır.
Konsert proqramında Bakı Musiqi Akademiyasının professor-müəllim heyətinin tanınmış nümayəndələri və istedadlı tələbələri iştirak etdilər. Xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər İlham Nəzərov, Töhfə Babayeva və Elnarə Kəbirlinskaya, beynəlxalq müsabiqələr laureatı Züleyxa Abdulla, həmçinin tələbələrdən Vaqif Qurbanov, Zümrüd Əlizadə, Mehin Zalıyeva, Nuranə Salamova öz ifaları ilə yubiley konsertinin bədii məzmununu zənginləşdirərək tədbirə xüsusi rəng qatdılar. Konsert proqramında Gülnaz Abdullazadənin müxtəlif janrlı əsərləri təqdim olundu - fortepiano üçün Sonatina (II və III hissələr), Simfoniya (III hissə, dörd əl üçün işləmə), fortepiano üçün 7 prelüd, Trio, eləcə də “Payız” vokal silsiləsindən “Əsən külək”, “Sarı yarpaqlar”, “Dəniz coşdu”, “Xatirələr oyandı” (sözləri: İlham Nəzərlinin).
Gülnaz Abdullazadənin yubileyinə həsr olunan bu tədbir onun şəxsiyyətinə və çoxşaxəli fəaliyyətinə göstərilən ehtiramın təzahürü olmaqla yanaşı, Azərbaycan musiqi mədəniyyətinin elmi və bədii ənənələrinin davamlılığını da nümayiş etdirdi.
Tədbirin uğurlu təşkil olunmasında BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin rolunu xüsusi vurğulamaq lazımdır. Onun təşkilati fəaliyyəti, təşəbbüskarlığı və tədbirin yüksək səviyyədə keçirilməsi istiqamətində göstərdiyi səylər yubiley mərasiminin uğurla reallaşmasına mühüm töhfə vermişdir. Tədbirin məzmunlu və elmi-bədii baxımdan dolğun şəkildə təqdim olunması, iştirakçılar arasında səmərəli ünsiyyətin qurulması onun əməyinin nəticəsi kimi dəyərləndirilməlidir.
Belə yubiley tədbirləri görkəmli elm və sənət xadimlərinin fəaliyyətinin yeni nəsillərə çatdırılması, onların irsinin təbliği və milli musiqi mədəniyyətinə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş konsert də bu baxımdan əlamətdar mədəni hadisə kimi xüsusi əhəmiyyət kəsb edir.
Ü. Hacıbəyli adına BMA-nın elmi tədqiqat
laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur Əliyeva