• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 oktyabr 2026-cı il 

    Oktyabrın 23-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qustav Malerin Birinci simfoniyası səsləndi.

    Bəstəkarın simfonizm yolunda ilk böyük addımı olan bu möhtəşəm əsər bir zamanlar “Titan” adını daşıyırdı. Maler sonralar bu addan imtina etsə də, “Titan” musiqi yaddaşında qaldı.

    Dünənki “Titan” oktyabrda doğum gününü qeyd edən maestro Rauf Abdullayevə — musiqimizin əzəmətli simasına ərməğan olunmuşdu. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovun bu seçimi təsadüfi deyildi. Qüvvə dolu, cəsarətli bir insanın həyatını, iztirablarını, mübarizəsini və taleyə müqavimətini ifadə edən bu simfonik hekayət Rauf Abdullayevin keşməkeşli və şərəfli yoluna bir növ musiqili səyahət idi.

    Sıralarında Rauf müəllimin yetirmələrinin çoxluq təşkil etdiyi orkestr Fuad İbrahimovun rəhbərliyi ilə böyük şövqlə çalırdı. İfada Maestroya sevgi və ehtiram, onunla birgə yaşanmış musiqi anlarının yaddaşı duyulurdu.

    Konsertdən əvvəl çıxış edən professor Zümrüd Dadaşzadə Rauf Abdullayevin Azərbaycan musiqi mədəniyyəti tarixində tutduğu özəl mövqedən söz açdı. Onu altmışıncılar nəslinin parlaq nümayəndəsi, bir sıra ilklərə imza atan, tanış əsərlərə yeni nəfəs verən, dinləyicinin qarşısında yeni musiqi alənləri açan sənətkar kimi səciyyələndirdi.

    Maler üçün simfoniya yaratmaq musiqinin bütün ifadə vasitələrinin köməyi ilə bütöv bir dünya qurmaq demək idi. Dünən orkestrimiz bu dünyanın əzəmətini, təzadlarını, iztirablarını və həyat eşqini çatdırmaq üçün bütün qüvvələrini səfərbər etmişdi.

    Sonda səngimək bilməyən gur alqışlar Fuad İbrahimova, orkestrə, onun ayrı-ayrı qruplarına ünvanlanırdı. Bu alqışlarda Rauf Abdullayevə — orkestrin və hamımızın həyatında dərin iz qoymuş sənətkara sevgi və minnətdarlıq da ifadə olunurdu.