• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 oktyabr 2026-cı il 

    Bakı Musiqi Akademiyasında Beynəlxalq Musiqi görüşü

    30 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının magistr tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olundu.

    Tədbirə başlamadan öncə Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova hər kəsi salamlayaraq, qazaxstanlı gənc musiqiçilərin istedadlarını təqdir edib,uğurlar arzu etdi.

    Beynəlxalq musiqi əməkdaşlığının və yaradıcılıq əlaqələrinin inkişafına töhfə verən konsertdə qazaxıstanlı  tələbələr - Malik Təyubayev, Veronika Guşko, Aqtoty Axmedyarova, Daniyar Tulagenov, Zəngər Bolatoviç Tolımbekbayev, Samuil Andreykın, Adilbək Bauırjanoviç Smagulov öz ifaçılıq məharətlərini nümayiş etdiriblər.

    Konsert proqramında Qazaxıstan bəstəkarlarının əsərləri, qazax folklor musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri və BMA-nın professoru, bəstəkar Lalə Cəfərovanın “Payız” əsəri səsləndirildi.

    Bədii hissədən sonra BMA-nın Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Əlavə Təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova və Əlavə Təhsil şöbəsinin əməkdaşı Firudin Əliyev tələbələrə sertifikatlar təqdim edib, gənc musiqiçilərə uğurlar arzu etdilər.

    Tələbələri müşayiət edən konsertmeyster - respublika və beynəlxalq müsabiqələr laureatı Züleyxa Usubovaya səmərəli fəaliyyətinə görə təşəkkürnamə təqdim olundu.

    Sonda gənc musiqiçilər Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli başda olmaqla, bütün professor müəllim heyətinə böyük diqqət və qayğı üçün dərin təşəkkürlərini bildirdilər.

    Bu cür görüşlər Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin möhkəmlənməsi, tələbə mübadiləsinin təşviqi, eləcə də gənc musiqiçilərin beynəlxalq səhnədə təcrübə qazanması baxımından xüsusi əhəmiyyət daşıyır.