• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 noyabr 2026-cı il 

    3 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Akademiyanın Böyül Zalında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş möhtəşəm

    konsert proqramı təqdim edildi. Konsert proqramında Zəfər ruhunu, xalqımızın vətənpərvərlik duyğularını və qəhrəmanlıq salnaməsini özündə əks etdirən musiqi əsərləri yer aldı.

    Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva çıxış edərək konsertin əhəmiyyətindən, milli musiqi irsimizin təbliğindən və Zəfər Gününün xalqımızın həyatında tutduğu xüsusi yerdən bəhs etdi. O, Vətən müharibəsində şəhid olan oğullarımızın xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan etdi. Sonra Akademiyanın məzunu, qazi Vüqar Məmmədzadə tədbirə dəvət olunan müharibə veteranları adından öz ürək sözlərini iştirakçılara çatdırdı.

    Konsert proqramında Azərbaycan Dövlət Xor Kapellası (baş xormeyster: Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Nəfəs və Zərb Alətləri Orkestri (bədii rəhbər: Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə; dirijor: Taleh Qəmbərov) çıxış edərək Azərbaycan bəstəkarlarının əsərlərini dinləyicilərə təqdim etdilər. Səsləndirilən musiqi nümunələri xalqımızın qəhrəmanlıq tarixini, Vətənə bağlılığını, milli qürurunu və Zəfər sevincini dolğun şəkildə ifadə edərək konsert proqramına xüsusi emosional və mənəvi məna qazandırdı.

    Daha sonra tədbirə dəvət olunan müharibə iştirakçılarına hədiyyələr təqdim olundu. Hədiyyələri Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri, Əməkdar müəllim Aqil Qafulov təqdim etdi. Tədbirinsonunda Bakı Musiqi Akademiyasının Himni səsləndirildi.