• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 noyabr 2026-cı il 

    Məktəb-studiya şagirdlərindən Bayraq Gününə musiqi töhfəsi


    Bayraq mənliyimdir, bayraq kimliyim,
    Bayraq – öz yurduma öz hakimliyim.
    Bəxtiyar Vahabzadə
    Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli yaddaşında, dövlətçilik tarixində xüsusi yer tutur. Bu əlamətdar gün münasibətilə Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının şagirdləri 2026-cı il 12 noyabr tarixində Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində konsert proqramı ilə çıxış etdilər. Vətənə, milli-mənəvi dəyərlərə və dövlət rəmzlərimizə ehtiramın ifadəsi olan bu konsert proqramında şagirdlər bir-birindən fərqli musiqi parçaları nümayiş etdirdilər.
    Tədbirin rəsmi hissəsində Azərbaycanın üçrəngli Dövlət Bayrağının xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin və milli birliyinin təcəssümü olduğundan bəhs olundu. Qeyd olundu ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə üçrəngli Dövlət Bayrağımız dövlətçilik rəmzi kimi qəbul edilmiş, lakin 1920-ci ildə Cümhuriyyətin süquta uğraması və Azərbaycanın müstəqilliyini itirməsi ilə bayrağımızın dövlət rəmzi statusuna son qoyulmuşdur. Uzun illərdən sonra onun yenidən ucaldılması və bərpasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət kəsb etmişdir. Onun siyasi iradəsi və təşəbbüsü ilə milli dövlətçilik ənənələrimizə qayıdışın mühüm əsası qoyulmuşdur. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalanmış, 2009-cu ildə isə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilmişdir. Bununla da üçrəngli bayrağımıza dövlət səviyyəsində göstərilən ehtiram daha da möhkəmləndirilmişdir.
    Bu gün üçrəngli bayrağımız yalnız dövlətimizin rəsmi atributu deyil, həm də xalqımızın milli qürurunun və tarixi yaddaşının canlı ifadəsidir. Onun ucaldığı hər bir yer Azərbaycan dövlətinin əzmini və qüdrətini nümayiş etdirir. Bayrağa ehtiramla yanaşmaq, onun tarixini və mənasını öyrənmək, dövlət rəmzlərimizi qorumaq hər bir vətəndaşın mənəvi borcudur.
    İxtisas musiqi məktəb-studiyası Azərbaycan dövlətinin parlaq gələcəyi olan gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi önəm verir. Bu baxımdan vətənpərvərlik mövzusu Məktəb-studiyanın tədris-tərbiyə prosesinin prioritet istiqamətlərindən birini təşkil edir. Məktəb-studiyanın yaradıcısı, professor Tərlan Seyidov tərəfindən əsası qoyulmuş bu ənənələr hazırda müəssisənin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədovanın rəhbərliyi ilə uğurla davam etdirilir. Sevda xanımın təşəbbüskarlığı və məqsədyönlü fəaliyyəti sayəsində milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik ruhunun aşılanması Məktəb-studiyanın fəaliyyətində mühüm yer tutur. Bu ideya həm dərslərin məzmununda, həm də şagirdlərin yaradıcı fəaliyyətinin mühüm tərkib hissəsi olan konsert proqramlarında öz əksini taparaq onların milli ruhda formalaşmasına, Vətənə sevgi və dövlətçilik dəyərlərinə hörmət hissinin güclənməsinə xidmət edir. Bu ideya Dövlət Bayrağı Gününə həsr olunmuş konsert proqramında da öz əksini tapmışdır.
    Məktəb-studiya şagirdlərinin ifasında Azərbaycan musiqisi ilə yanaşı, müxtəlif xalqların musiqi əsərlərinə də yer verilmişdir. Musiqi proqramı seçiminin müxtəlifliyi Azərbaycanın multikultural dəyərlərə sadiq, dünya xalqların mədəni irsinə və ənənələrinə hörmətlə yanaşan bir dövlət olduğunu nümayiş etdirir.
    Konsert proqramının repertuarına Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Fikrət Əmirov, Zakir Bağırovun yaradıcılığına, eyni zamanda dünya musiqi ədəbiyyatının parlaq nümayəndələri – A.Vivaldi, F.Şopen, F.List, D.Şostakoviç və L.Bokkerininin əsərləri daxil idi.
    Tədbirin bədii hissəsi III sinif şagirdi Humay Kəlpizadənin (müəllim – Arzu Rzayeva, konsertmeyster – Zöhrə Salamova) ifasında A.Vivaldinin a-moll Konsertinin I hissəsi ilə açıldı. Gənc ifaçı əsərin musiqi xarakterini, obrazlı məzmununu və emosional çalarlarını dolğun şəkildə açmağa, bəstəkarın musiqi dilinə xas xüsusiyyətləri öz ifasında əks etdirməyə nail oldu.
    Məktəb-studiyanın fortepiano ixtisası üzrə təhsil alan xüsusi istedada və yüksək ifaçılıq potensialına malik şagirdləri öz musiqi bacarıqları, səhnə mədəniyyəti və ifaçılıq məharətləri ilə diqqəti cəlb etdilər. Belə ki, V sinif şagirdi Uğur Həşimzadə (müəllim – Anna İsrafilova) F.Şopenin 11 № li Polonezini ifa edərək həmin janra xas təntənəli, zərif və rəvan xarakteri, rəqsin ritmik xüsusiyyətlərini ifadə etməyə çalışdı.
    VII sinif şagirdi Məryəm Axundzadə (Əməkdar müəllim, dosent Mədinə Tuayevanın sinfi) Q.Qarayevin a-moll Sonatinasının III hissəsini ifa edərək əsərin dinamik inkişafını, ritmik hərəkətliliyini və musiqi fikrinin dəyişkən xarakterini açmağa çalışdı. Eyni sinifdə təhsil alan Araş Seyfpour isə Q.Qarayevin «Don Kixot» simfonik qravürlərindən «Səyahət» əsərini təqdim etdi. Gənc pianoçu əsərin təsviriliyi, obrazlı musiqi dili və xarakteri vasitəsilə tamaşaçılarda səfər və macəra təəssüratı yarada bilmişdir.
    VIII sinif şagirdi Aysel Rəhimli (Əməkdar müəllim Kamilla Əmirovanın sinfi) F.Listin «Sevgi arzuları» əsərini ifa edərək romantik musiqiyə xas zərifliyi və dərin emosional ifadəliliyi ön plana çıxardı. IX sinif şagirdi Hüseyn Quliyev (Əməkdar müəllim Kamilla Əmirovanın sinfi) Fikrət Əmirovun e-moll Variasiyalar əsərini səsləndirdi. İfa zamanı mövzunun müxtəlif variasiyalarda dəyişən xarakterini, musiqi materialının inkişafını və dinamik çalarlarını ifadə etmək əsas bədii vəzifələrdən biri idi ki, o, bu tapşırığın öhtəsindən məharətlə gəldi.
    Əməkdar müəllim Kamilla Əmirovanın sinfinin digər şagirdi Cəlalə İsmayılzadənin (X sinif) ifasında Zakir Bağırovun «Kukla tamaşası» süitasından «Fakir» əsəri səsləndi. Əsərin qeyri-adi, bir qədər sirli və yumoristik obrazı gənc ifaçıya öz bədii təxəyyülünü və obraz yaratmaq bacarığını nümayiş etdirmək imkanı verdi.
    Konsert proqramına xüsusi ab-hava qatan məqamlardan biri də fortepiano və violinlə yanaşı, nisbətən az rast gəlinən musiqi alətlərinin – trombon və ksilofon alətlərinin səslənməsi oldu. Belə ki, IV sinif şagirdi Elşad Məmmədli (müəllim – Əməkdar artist Vladislav Kuznetsov, konsertmeyster – Anna İsrafilova) Dmitri Şostakoviçin «Rəqs» əsərini trombonun ifasında təqdim etdi. IX sinif şagirdi Miraqil Mirzəzadə isə (müəllim – Firuz Hüseynov, konsertmeyster – Anna İsrafilova) Cövdət Hacıyevin «Skertso» əsərini ksilofonda ifa edərək proqrama ecazkarlıq qatdı.
    VIII sinif şagirdi Şövkət Nurəli (müəllim – Rəhilə Nəzərova, konsertmeyster – Anna İsrafilova) Tofiq Quliyevin «Səhər mahnısı» əsərini fleytada ifa edərək musiqinin lirik, zərif və nikbin ovqatını, səhərin təravətini və həyatsevər əhval-ruhiyyəsini dinləyicilərin diqqətinə çatdırdı.
    Qeyd etmək lazımdır ki, şagirdlərin ifaçılıq səviyyəsinin yüksəldilməsində, musiqi əsərlərinin forma, üslub və bədii məzmununun dərindən mənimsənilməsində müəllimlərin əməyi əvəzsizdir. Bütün müəllimlərin peşəkar yanaşması, fərdi iş metodu gənc pianoçuların istedadının inkişafına, musiqi təfəkkürünün və ifaçılıq mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.
    İxtisas musiqi məktəb-studiya öz zəngin fəaliyyəti, ardıcıl təşəbbüsləri və təhsil ənənələri ilə gənc nəslin əvvəlcə milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaş, daha sonra isə yüksək peşə hazırlığına malik, öz sənətini dərindən mənimsəmiş mütəxəssis kimi yetişməsini əsas fəaliyyət prinsipi hesab edir.


    BMA-nın İxtisas musiqi məktəb-studiyasının
    böyük elmi işçisi, musiqişünas
    Şəfəq Hacıyeva