17 noyabr 2026-cı il
17 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev zalında “Musiqi Tarixi və Nəzəriyyəsi” fakültəsinin “Musiqi nəzəriyyəsi” kafedrasının təşəbbüsü və sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent Mehparə Rzayevanın təşkilatçılığı ilə “Gender: tarix, cəmiyyət və sivilizasiya” mövzusunda konfrans-konsert keçirilib.
Tədbirin əsas məqsədi gender münasibətlərinin tarixi inkişafını, müxtəlif cəmiyyət və sivilizasiyalarda qadının sosial-mədəni mövqeyini, eləcə də gender məsələlərinin incəsənət və musiqi mədəniyyətində əksini elmi və bədii aspektlərdən işıqlandırmaq olmuşdur.
Tədbirdə tədris işləri üzrə prorektor, professor Nərminə Quliyeva, “Musiqi Tarixi və Nəzəriyyəsi” fakültəsinin dekanı, professor Gülzar Mahmudova, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova,həmçinin professor Həcər Babayeva, Pərviz Quliyev, Dibər Məmmədova, Alyona İnyakina, Günel Zeynallı və Könül Hüseynova iştirak etmişlər.
Konfransın açılışında giriş sözü ilə çıxış edən Mehparə Rzayeva gender münasibətlərinin tarixi və mədəni kontekstdə öyrənilməsinin əhəmiyyətindən bəhs edib. O, müxtəlif tarixi dövrlərdə qadın və kişinin cəmiyyətdəki mövqeyinin, sosial rollarının və qarşılıqlı münasibətlərinin fərqli şəkildə formalaşdığını, bu prosesdə xalqların milli mentalitetinin, mənəvi dəyərlərinin və mədəni ənənələrinin mühüm rol oynadığını vurğulayıb.
Konfransın elmi hissəsində “Musiqi Tarixi və Nəzəriyyəsi” fakültəsinin I kurs magistr tələbələri Leyla Əlizadə, Nərmin İbazadə, Leyla Fərəcova, Fəxriyyə Məmmədova və Nərmin Səlimzadəməruzələrlə çıxış ediblər. Məruzələrdə sivilizasiyaların gender yaddaşı, müasir dünyada gender anlayışı, türk xalqlarının gender mədəniyyəti, musiqi tarixində qadınların rolu və müasir Azərbaycanda gender münasibətlərinin inkişafı kimi aktual məsələlərə toxunulub.
Tədbirin bədii hissəsində Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Atilla Məmmədli, Ağabəşir Bayramzadə, İsmayıl Əsədli, Pərviz Bağırov və Nağı Nağızadə müxtəlif musiqi əsərlərini səsləndiriblər. Konsert proqramında konsertmeysterlər Lilya İmanova, İlahə İsmayılova və Əli Hüseynliiştirak ediblər.
Elmi məruzələrlə musiqi ifalarının vəhdətində təşkil olunan konfrans-konsert gender mövzusuna tarix, cəmiyyət, sivilizasiya və incəsənət kontekstində çoxşaxəli yanaşma imkanı yaratdı. Tədbir magistr tələbələrinin elmi-tədqiqat və təqdimat bacarıqlarının inkişafına, onların yaradıcı potensialının üzə çıxarılmasına, eləcə də elmlə incəsənət arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etdi.




