• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 noyabr 2026-cı il 

    Musiqi sevərlər üçün yaddaqalan bir sənət axşami!

    20 noyabr 2026-cı il tarixində Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərovanın yubileyinə həsr olunmuş müəllif konserti böyük sənət coşqusu ilə baş tutdu.

    Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən konsert musiqi sənətimizin zənginliyini, bəstəkar yaradıcılığının rəngarəngliyini və ifaçılıq sənətinin yüksək səviyyəsini bir daha nümayiş etdirdi.

    Tədbirin açılışında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək yubilyarı təbrik etdi. Daha sonra Əməkdar müəllim, professor Könül Nəsirova və sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova bəstəkarın yaradıcılığı haqqında fikirlərini bölüşdülər.

    Konsert proqramında Lalə Cəfərovanın musiqi dünyasının müxtəlif çalarlarını əks etdirən əsərlər səsləndirildi. “Bir Xəzər əfsanəsi” baletindən “Lirik rəqs”, “Adajio” və “Rəqs”, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzuları əsasında yazılmış “Fantaziya”, valtorna və piano üçün “Payız nəğməsi”, “Xatirə poeması” və “Darıxıram” romansı dinləyicilərə unudulmaz musiqi anları yaşatdı.

    Əməkdar artist İlham Nəzərov, eləcə də Züleyxa Bayramzadə, Aygün Baratzadə, Afət Süleymanova, Solmaz Əliyeva, Murad Həsənzadə, Ayşə Məmmədova, Zeynəbxanım Hüseynzadə, Cavidan Rəsulov, Aysu Abbasova və Ayşə Fətəliyevanın ifaları konsertə xüsusi rəng qatdı.

    Gecənin finalında “Bir Xəzər əfsanəsi” baletinin final (Vida) səhnəsi videoyazı şəklində təqdim olundu.

    Bu konsert yalnız bir yubiley tədbiri deyil, həm də Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcılıq ənənələrinə, milli musiqi irsimizə və sənətə həsr olunmuş ömrə ehtiramın ifadəsi idi.

    Hörmətli Lalə Cəfərovanı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və musiqi dolu illər arzulayırıq!